Ardıcıl 4-cü səfər matçına çıxan "Neftçi" bu dəfə Tovuza yollanmışdı. "Ağ-qaralar"da Premyer Liqada rəsmi debütünü məhz Qərb bölgəsində - Gəncədə edən baş məşqçi Adrian Mutu Tovuz şəhər stadionunda da tək qola şahid oldu. Amma bu dəfə rumıniyalı mütəxəssis sevinən tərəf oldu.
Tovuzdakı matç bu rayondan olan millət vəkili, "Turan Tovuz"un fəal azarkeşi Qənirə Paşayevanın vəfatıyla əlaqədar onun xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükutla başladı. Baş hakim Emin Əliyevin stat fitinədək isə tabloda Qənirə xanımın Tovuz stadionuna səfərləri ilə bağlı videoçarx göstəriləndə çox duyğusal anlar yaşandı. Bunu ayaqüstü izləyən stadiondakılar "Paşayevanın "Turan"ın Premyer Liqada oynaması Azərbaycan futbolunun inkişafı deməkdi" fikrini gur alqışlarla qarşıladılar.
Matça gəlincə, komandaların əsas heyətlərində bəzi dəyişiklik edərək diqqət çəkirdi. Belə ki, "Neftçi"də müdafiə xəttinə başçılıq edən braziliyalı stopper Yuri Matias cəzalı olduğundan, onu mərkəzdə Höccət Haqverdi əvəzləyirdi. Yəni, millimizin üzvü sağda yox, ona doğma olan mövqedə oynayaraq özünü daha rahat hiss edirdi. Və mərkəz hücumçusu mövqeyində Yeqor Boqomolskinin yer alması qeyd olunmalıdı. Çünki Mutu Belarus yığmasını bu gənc üzvünə sonradan da şans vermirdi. Forvardlardan Andre Şinyaşiki zədəli olduğundan, heyətdən kənarda, Aaaro Olanare isə ehtiyatda idi. Boqomolski həmişəki kimi meydanda çox çalışsa da, hücumçu üçün ən vacib olanı edə bilmədi. Özü də top Yeqoru sevərək ona düşsə də, o, qol vurmağı sevmir. Bunun əksi olsaydı, Boqomolski nəinki qol, dubl, het-trik, hətta poker müəllifi ola bilərdi. Amma qolu necə vurmağı onu əvəzləyən hücumçu göstərdi. Həmin Olanare ki, artıq çəkidən əziyyət çəkərək fiziki hazırlığı heç də yaxşı vəziyyətdə deyil.
"Turan Tovuz"da da stopper və forvard mövqelələri ilə bağlı vurğulanası məqamlar var. Belə ki, son transfer olan toqolu mərkəz müdafiəçisi Emmanuel Akman debüt edirdi və ümumilikdə pis təsir bağışlamadı. Tovuzluların bombardir olan Martin Petkovun da ilk dəfə ehtiyatda qalması maraq doğururdu.
Baş hakimlə bağlı diqqətçəkən məqam bu idi ki, Emin Əliyev bu mövsüm Prenyer Liqada ilk idarəçillyini edirdi. Amma onu da bildirək ki, bu ucaboylu referi hələ keçən mövsüm yüksək liqada baş hakim kimi debüt etmişdi. Çətin, gərgin bir matçda mübahisəli epizodlar yetərincə olsa da, Emin VAR-da oturandakılarla birgə işlərinin öhdəsindən yaxşı gəldi
Qonaqlar ilk dəqiqələrdən topa daha çox nəzarət edərək, hücumda oldu. Onlar hesabı erkən də aça bilərdi. Amma 4-cü dəqiqədə Aydı Bayramov ardıcıl 2 güclü zərbəni dəf etdi. Ümumiyyətlə, Aydın matçda yumruqlarıyla xeyli top çıxardı. Onun vizavisi İvan Brkiç də həmin gün qapıda yaxşı idi. Xorvatiyalı kiper sonadək meyda sahibləri üçün keçilməz sədd oldu.
"Turan Tovuz"un kapitan da olan əsas stopperi Şəhriyar Əliyev matç ərzində zədədən xeyli əziyyət çəkdi. Təsadüfi deyil ki, təcrübəli müdafiəçiyə tibbi yardım göstərmək üçün həkimlər 3 dəfə meydana daxil olmalı oldu. Hətta digər mərkəz müdafiəçiləri - Tərlan Quliyevlə Sadiq Quliyevə intensiv şəkildə isinmə hərəkətləri edirdi və əvəzləmə də gözlənilirdi. Amma "Şako" dişini dişinə sıxaraq matçı sonadək oynaya bildi. Bununla belə, onun zədəsi ciddi görünür və buna hərtərəfli müayinə aydınlıq gətirəcək.
Tovuzlular müdafiəyə çox qapanaraq daha çox uduzmamağı, 1 xalı düşünür və imkan düşdükcə əks-hücumlarda qol şanslarından yararlanmaq istəyirdi. Rəqibinin isə onunla müqayisədə aqressiyası, qələbə istəyi çox idi. Matç "Neftçi"nin əvvəlki rumıniyalı baş məşqçisi Lourentsiu Regekampfın Tovuza ilk səfərindəki ssenarini xatırladırdı. Belə ki, "ağ-qaralar"ın sonda da olsa qələbə topu vuraraq 3 xalı qoparacağı gözlənilirdi.. Onda kapitan Emin Mahmudov rəqibin əllə oyununa görə qazandığı, VAR-a baxılandan sonra qərar verilən penaltini qola çevirmişdi. Bu dəfə Emin qol vurmasa da, qolda yaxından iştirak etdi. Belə ki, məhz Mahmudovun künc zərbəsindən havalandırdığı topu nəzarətsiz qalan Olanare başla rahat şəkildə tora göndərdi. Bu epizodda qapı xəttində olan Aydının qarşısını komanda yoldaşı kəsirdi və əlcək sahibi zərbəyə reaksiya verə bilmədi.
Bəli, Mutunun komandası heç də parlaq oyun göstərməsə də, necə deyərlər, qalibi mühakimə etmirlər. İndiki vəziyyətdə əsas nəticənin olduğunu nəzər alsaq, "Neftçi" vacib olan 3 xalı qazandı. Hansı ki, ona həm turnir cədvəlindəki mövqeyi, həm də "Qarabağ"la qarşıdakı derbi öncəsi özünəinam baxımından çox vacib idi. "Turan Tovuz" isə yenə evdə azarkeşlərini sevindirə bilmədi və qələbəsiz seriyası artıq 3 matça çatdı.
MEHMAN SÜLEYMANOV, Tovuz