"Qarabağ" Premyer Liqada VIII tura 5:0 hesablı qələbəylə başladı. "Sumqayıt"la "Azərsun Arena"dakı görüşdə penaltidən komandasının 3-cü qolunun müəlifi olmuş cinah müdafiəçisi Toral Bayramov qarşılaşmadan sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Belə asan qələbənizi hardasa gözləmək olardı?
- Qıraqdan asan görünə bilər. Amma heç də asan qələbə deyildi. Sadəcə, məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdik. Matça yaxşı hazırlaşmışdıq. Buna görə də nəticə belə oldu.
- Görüşün böyük hissəsini bir qapıya oynadıız. Əsas çətinlik nə idi li?
- Belə oyunu saxlamaq çox çətindi. Bu, kənardan asan görünə bilər.
- Qurban Qurbanovsuz ilk dəfə oynadınız. Baş məşqçinizin "texniki zona"da yoxluğu hiss olundu?
- (gülür) Belə deyim, Qurban müəllimi həmişə yanımızda hiss edirik - fərqi yoxdu harda olursa-olsun. Daim yanımızdadı, onu daim yanımızda hiss edirik. Bizi elə oyuna hazılrayır ki, baş məşqçimizi həmişə yanımızda hiss edirik.
- Çempionatda ardıcıl 3-cü qələbəni qazandınız. Artıq özünüzə gəldiyinizi demək olar? Çünki ilk 5 turda 2 məğlubiyyət almışdınız və bu, "Qarabağ"ın çempion mövsümlərində ilk dəfə olmuşdu...
- Hesab bizi yanıtmasın. Hər oyundan oyuna artırmaq istəyirik. Hələ tam istədiyimiz səviyyəyə gəlib çatmamışıq. Üzərimizdə işləməliyik. İnşallah da bunu edəcəyik.
- Öz oyununa toxunaq. Solaxay futbolçu olsan da, artıq xeyli müdətdi sağ cinah müdafiəçisi kimi çıxış edirsən. Bu mövqeyə tam adapasiya olmusan?
- Baş məşqçi harda güvənir, şans verirsə, çalışıram ki, onun inamını doğruldum. Çətinlik çəkmirəm sağ cinahda.
- Qarşıda Avroliqa matçınız gəlir. İlk səfəriniz İsveçədi - uzun yolçuluq, sintetik örtüklü meydança, tanış olmayan rəqib. Gözləntin nədi?
- Vallah, hələ bu oyun haqda fikirləşməmişdik. Tam olaraq "Sumqayıt"la matça köklənmişdik. Artıq indidən "Hekken"lə görüşə köklənəcəyik, hazırlaşacağıq. İnşallah, istədiyimiz nəticəylə geri qayıdarıq.
- Aşkar favoritin və iki skandinavların olduğu qrupda 2-ci yerdə çıxmağa real şansınız var. Razısan?
- Bir oyun udmuşuq. Başlanğıcdı, qarşıda bizi uzun marafon gzləyir. Yaxşı hazırlaşmalı, oyunlara yaxşı köklənməliyik. İnşallah, xeyirlisi nədirsə, o da olsun.
- Yayda "Qarabağ"da gedişin gözlənilirdi az oynadığına görə. Özü də adın "Neftçi"ylə hallanırdı. Amma bir anda hər şey 180 dərəcə dəyişdi və çox oyun praktikasına malik olaraq əsas heyət üzvünə çevrildin...
- Gediş variantım yox idi. Bilirsiniz ki, "Qarabağ"la müqaviləm var. Hələ başqa komandalar haqda fikirləşmirəm. Tam olaraq hazırkı klubuma köklənmişəm. Çalışacam ki, yerimi qoruyum saxlayım.
MEHMAN SÜLEYMANOV