"Cavab görüşləri həmişə aqressiv keçir. "Zirə" 2 top fərqi ilə irəlidə olduğu halda "Turan Tovuz"un necə geridönüş edəcəyi, hansı sürprizi hazırladığı maraq doğurur". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis bu gün keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu – "Zirə" – "Turan Tovuz" matçı ilə bağlı gözləntilərini bölüşüb:

"Məsələ burasındadır ki, "Zirə" daha çox qapalı futbol oynamağa üstünlük verir və yalnız hesabda geri düşdükdə hücum futboluna keçir. Tovuzlular isə əsasən standart vəziyyətlərə və uzun toplara güvənirlər. Kurban Berdıyevin oyun fəlsəfəsində topa nəzarət əsas yer tutmur. Komanda topu tez bir zamanda öz meydanından uzaqlaşdırmağa və hücumdakı oyunçuların hesabına nəticə qazanmağa çalışır. Son görüşlərdə qələbə qazanmaq üçün iki hücumçu ilə çıxış etdilər və bunun  sayəsində qələbə qazandılar. "Turan Tovuz"un heyətində səviyyəli futbolçular var. Komanda daha çox nəticəyə oynamağa üstünlük verir. "Zirə"nin açıq futbol oynayacağına inanmıram. "Neftçi" ilə son çempionatın matçında müdafiədə boşluqlar nəzərə çarpırdı. Yaradıcılıq da yüksək səviyyədə deyil, əsasən bir neçə futbolçunun fərdi ustalığı hesabına nəticə əldə olunur. Hər halda psixoloji baxımdan Tovuz klubu təzyiq altındadır. Baxımlı oyun gözlənilir. Açığı, "Zirə"nin 2-3 top buraxacağına inanmıram. Onlar əks-hücumlarda oynamaq imkanına malikdirlər".

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.