"AFFA İnkişaf Strategiyasının hazırlanması yolunda "McKinsey" və "Double Pass" şirkətlərinə müraciət etdi. Açığı, ilk vaxtlar proses ağır gedirdi, Azərbaycan futbolunu, yerli futbol mühitini, real durumu bilmək, araşdırmaq, dərin təhlillər aparmaq mütləq idi". Bu sozləri Sport24.az saytına açıqlamasında FIFA referisi, "Neftçi"nin sabiq vitse-prezidenti, hazırda Bakı Futbol Federasiyası İctimai Birliyinin rəhbəri Tahir Süleymanov deyib.
Süleymanov AFFA rəhbərliyinin belçikalı mütəxəssislərin fikirlərinə həssas yanaşdıqlarını bildirib:
"Bunu nəzərə alan assosiasiya öz üzvlərinə, klublara üz tutaraq təklif və rəylərin bildirilməsini istədi. Eyni zamanda müxtəlif qurumlara, futbol ictimaiyyətinə müraciət olundu, media nümayəndələri ilə də görüş keçirildi. Bununla da şəffaflıq təmin edildi.
Təəssüf ki, bir çox üz qurumlar taleyüklü strateji məsələyə biganə yanaşdı, təkliflər verilmədi, bəziləri isə bəsit 3-5 rəylə kifayətləndi. Müraciətə uyğun olaraq, geniş təkliflər paketi hazırlayaraq AFFA-ya təqdim etdim. Bunun məntiqi nəticəsi olaraq, xarici şirkət nümayəndələri ilə görüşümüz keçirildi. Çox gərgin, konstruktiv, problemlərin nədən ibarət olduğu detallı olaraq müzakirə olundu, qarşılıqlı fikir mübadilələri aparıldı, arqumentlərlə ölkə futbolunda olan mövcud durum isbatlandı, problemlərə daha həssas yanaşılması tövsiyyə edildi, şirkət nümayəndələrinin nəzərinə çatdırıldı. Sonrakı proseslər, AFFA rəhbərliyi ilə mütəmadi söhbətlərimiz, görüşlərimiz onu göstərdi ki, belçikalı mütəxəssislər təkliflərə həssas yanaşırlar".
O, yeni AFFA rəhbərliyinin problemlərdən çəkinməməsini müsbət məqam kimi qeyd edib:
İcraiyyə Komitəsində inkişaf strategiyası ilə bağlı təkliflərimizə çox müsbət yanaşıldığı qeyd olunduqdan sonra, əminlik yarandı ki, problemlərə, İnkişaf Strategiyasının hazırlanmasına ciddi baxılır və rəsmi təkliflərimiz böyük ölçüdə nəinki nəzərə alınacaq, strategiyada öz əksini tapacaq.
AFFA İnkişaf Strategiyasının son ilkin variantı açıqlanandan sonra, həqiqətən, bunun şahidi olduq. Bütün bunlar və İnkişaf Strategiyasının ümumi həcmi onu göstərir ki, Azərbaycan futbolunda yeni dönəm başlayır. Baxmayaraq ki, bir çox məsələlər 2005-2015-ci illərə dair proqram çərçivəsində, geniş maliyyə imkanlarının yetərli olduğu dönəmdə həll edilməli idi. Yeni AFFA rəhbərliyinin problemlərdən çəkinməməsi, çox böyük faktiki və mənəvi yükün, məsuliyyətin altına qol qoyması müsbət məqamdır. Keçmişin səhvləri təkrarlanmamalı, islahatlara, kadr seçimlərinə ciddi önəm verilməli, maliyyə dayaqları həll edilməli, nəhayət ki, Azərbaycan futbolunun dirçəliş, İnkişaf yoluna start verilməlidir".