- “Neftçi” yenə uduzdu.
- “Dublyorlar” heç-heçə etdi...
Bu, “Evləri köndələn yar” teletamaşasından dillər əzbərinə çevrilmiş ifadədı. Yazı “Neftçi”yə həsr olunmayıb. Amma “dublyor” mövzusu...
Məmləkətimizi ardıcıl iki dəfə qitəmiqyaslı arenada təmsil edən “Symqayıt” bu yöndə “het-trik” etmək arzusundadır. Ayxan Abbasovun təyinatından sonra komandaya yeni nəfəs gəlib. Nisbətən kiçik büdcəyə sahib “Gənclik şəhəri” təmsilçisi daha ağırçəkililərlə başabaş mübarizə aparmaqla adından söz etdirməyi bacarıb. Əksəriyyəti azərbaycanlı olan futbolçularla belə nəticələr vermək əlbəttə ki, xüsusi istedad tələb edir. Bir halda ki, əsas komanda nəticə verir və əvvəlki cümlədə “yerli futbolçular” ifadəsi işlədilir, deməli, bu futbolçuların müəyyən qismi türklər demiş “alt yapı” istehsalıdır. Amma indiki zamanda yox, artıq keçmiş zamanda...
“Sumqayıt”ın əvəzedici komandasının daha keyfiyyətli fəaliyyət göstərməsi üçün türk əsilli Hakan Sünal gətirilib. Əcnəbidirsə, demək ki, məvacibini də milli pulla yox, vətəndaşı olduğu Almaniyada keçərli olan avro ilə alır. Alsın, təki fayda verməklə alsın. Bəs biz hansı mənzərəyə şahidlik edirik? Əvvəlcə klub akademiyasının başına gətirilən Sünal Pro kateqoriyası eşqinə düşüb. Həə, Pro almaq üçün isə ən azı əvəzedicilərin “sükanı arxası”nda dayanmalısan. Hakan da ən yüksək səviyyədə bu arzusuna çatıb. Nətəhər çatıbsa, komandasını unudub. Daha doğrusu, əsas vəzifəsini unudub. Belə olmasaydı rəhbəri olduğu kollektiv ancaq bayramdan bayrama qələbə qazanmazdı...
Ötən gün “Sumqayıt-2” qələbə qazandı. Bunadək keçirdiyi ilk 6 turda 5 dəfə məğlub olan Sünalın drujinası uzun sürən xəstəlikdən, üzr istəyirik, qələbəsizlikdən sonra daha bir tarixi hadisəyə də imza atıb. İlk 6 turda rəqib qapılarından vur-tut 3 qol keçirən “Sumqayıt-2” 7-ci turda “Səbail-2” komandasını 4 (!) dəfə məyus edib. Nə gözəl!..
Allah şeytana lənət eləsin. Tərsliyə bax e, bu qələbə qazanılarkən hörmətli baş məşqçi Azərbaycandan 4000 min kilometr aralıda - Almaniyada Pro kateqoriyası almaq üçün növbəti kursa qatılıb. Dolayısı ilə heç bəlkə hələ yetirmələrinin əzmkar (komandası qol buraxdıqdan sonra cuşa gəlib və ardıcıl 4 top vurmaqla 4:1 qalib gəlib) qələbəyə sevinməsindən də bixəbərdi.
Sünalın “Sumqayıt”ın, yoxsa öz hesabına təhsil alması barədə müfəssəl məlumatımız yoxdur. Hərçənd, ehtimal nəzəriyyəsinə əsasən deyə bilərik ki, şanslar belədi: 99 faiz klubun hesabına - 1 faiz şəxsi vəsaiti. Lakin hətta həmin 1 faiz möcüzəvi şəkildə baş tutubsa belə, ortaya təbii sual çıxır: əcnəbi oxutmaq bizim haramıza yaraşır? İndiyə qədər hansı azərbaycanlı mütəxəssisin xaricdə işləyib kateqoriya dərslərinə qatıldığını eşitmisiniz? Hansı xüsusi xidmət göstərib bu Almaniya vətəndaşı? Sual çox, cavab yox. Bəlkə də var, amma bu, peşəkar cavab olmayacaq...
Xülasə. “Sumqayıt” rəhbərliyi papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşməlidir ki, kluba ayrılan büdcəylə əcnəbinin təhsil alması üçün vəsait və vəzifə ayrılmasına ən azından mənəvi haqqı çatırmı? Sual ritorikdi. Əlbəttə ki, çatmır! Deməli, Hakanı yola salmaq klub rəhbərliyinin borcudu. Ziyanın yarısından qayıtmaqla, həm xeyli büdcəyə qənaət etmək olar, həm də...
Yəqin yazının əvvəlini unutmamısınız. Hakan Sünalın komandası rüsvayçı çıxış edir. Bu isə o anlama gəlir ki, daim ehtiyat qüvvəyə güvənən A komandası tezliklə bu “kozır”ından məhrum olacaq. Hakanlar da qaranquş kimi gəldi-gedərdi, “milli sərçələrimiz”ə hörmət qoyun. Təhsil vermək eşqinə düşəndə öz gənclərimizi irəli çəkin.
CEYHUN ƏLİYEV