"Qarabağ"ın vingeri Leandro Andrade Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Yarımmüdafiəçi Sport24.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Hesabda geri düşsəniz də, qələbə qazandınız. Matç haqqında nə deyə bilərsən?
– Çətin oyun olacağını bilirdik. Elə də alındı. "Turan Tovuz" yaxşı kollektivdir. Turnir cədvəli də bunu deməyə əsas verir. Bu qarşılaşmda Çempionlar Liqasındakı növbəti oyun üçün sınaq idi. Bu gün güclü komanda ilə üz-üzə gəlmək yaxşıdır. Əsas odur ki, 3 xal qazandıq, bunun üçün xoşbəxtəm.
- Birinci hissədə hesabda geridə oldunuz. Fasilədə nə dəyişdi?
– Baş məşqçinin bizə hansı tapşırıqları verdiyini burada deyə bilmərəm. Sadəcə, necə oynamalı olduğumuzu söylədi.
- Çempionlar Liqasının əsas mərhələsində növbəti matçınız İspaniyada "Atletik"ə qarşı olacaq. Bu qarşılaşmadan gözləntilərin nədir?
- Məncə, rəqib haqqında əlavə fikrə ehtiyac yoxdur. Onların gücünü, hansı səviyyədə olduqlarını hamı bilir. Düşünürəm ki, çətin görüş olacaq. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi meydana çıxıb matçdan zövq almağa çalışacağıq. Möhtəşəm atmosferi olan bir stadionda oynayacağıq və özümüzə məxsus olan oyunu göstərməliyik.
- Portuqaliyada "Benfika" ilə matçda fərqlənə bildiniz, İspaniyada da qol vurmaq istərdinizmi?
– Təbii ki, qol vurmaq istəyirəm. Kim istəməz ki, komandasına kömək etsin? Amma vuracağam, ya yox – bunu bir Allah bilir.
- Kabo Verde millisi dünya çempionatına vəsiqə qazandı. Deyilənə görə, siz millidən imtina etmisiniz. Dəvət gəlsə, gedərsinizmi?
– Bəli, imtina etmişəm. Bu, elə bir məsələdir ki, bu barədə hələ düşünməmişəm. Ona görə də hazırda bu mövzuda şərh verə bilmərəm.