"İlk görüşdə yenilməyimizə baxmayaraq, öz potensialımızı və hara getdiyimizi bildiyimiz üçün özümüzə arxayınıq və nikbinik. Düşərgədə ab-hava yaxşıdır və ümid edirik ki, bu atmosferi çərşənbə günü meydanda da nümayiş etdirə biləcəyik. Qələbə qazanıb növbəti mərhələyə yüksəlmək istəyirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Fernando Medeiros deyib.


"Kimyaçılar"ın yeni legioneri  Macarıstan səfəri ərəfəsində cavab qarşılaşması ilə bağlı fikirlərini bölüşüb: "Fehervar"la cavab qarşılaşmasına yaxşı hazırlaşmışıq. Məşq etmək üçün yetəri qədər vaxtımız olmasa da, ilk görüşdən sonra bərpa olunmağı bacardıq və matça yüz faiz hazır olacağıq. Məşqçimiz ilk oyunda yol verdiyimiz səhvləri bizə göstərdi, müəyyən təhlillər apardıq. Hər iki komanda artıq bir-birini yaxşı tanıyır. Çətin matç olacaq, amma yenə də deyirəm ki, hər vəziyyətə  hazırıq".

 

Qeyd edək ki, "Sumqayıt"ın Fehervar"la cavab qarşılaşması sabah baş tutacaq.

ABDULLA İSMAYILOĞLU