Şənbə günü, sərin payız axşamında “ASCO Arena”ya gələn azarkeş heç şübhəsiz ki, həyatının qızıldan qiymətli 90 dəqiqəsini futbola ayrıdığı üşün heç də peşman olmadı. Həm “Səbail”, həm də Bayıla qonaq qismində təşrif buyuran “Sabah” baxımlı, şən futbolla könülləri xoş etdi.
Oyuna gəlincə, “bayquşlar” matça daha fəal başladı. İlk dəqiqələrdən üstünlüyü ələ alıb rəqibin müdafiə xəttini təzyiq altında saxlayan Murad Musayevin komandası bir-birindən rəngarəng hücumlarla yadda qaldı. “Dənizçilər” ilk 20 dəqiqədə demək olar, topa ”yapışa”, müdafiədən çıxa bilmirdi. Şahin Diniyevin yetirmələrini arda-arda 3 düz ötürmə etməkdə çətinlik çəkirdi.
Ancaq ötən tur olduğu kimi bu dəfə də “Sabah” qapıçısının səhvindən qapısında qol gördü. Yusif Nəbiyev az qala künc bayrağının yanından iti bucaq altında yaxın küncü dəqiq nişan almaqla qonaqların üstünlüyü şəraitində keçən ilk yarıda hesabı açdı. Heç şübhəsiz ki, hadisələrin belə axarı Musayevi və komandasını planlarına daxil deyildi. Bu səbəbdən “tələbələr” sürəti bir qədər də artırıb böyük qüvvə ilə irəli getməyi lazım bildi. Onların qol istəyi isə 41-ci dəqiqədə reallaşdı. Emmahuel Apeh Səlahət Ağayevin qoruduğu qapıya təyin olunan penaltini dəqiq vurmaqla hesabı bərabərləşdirdi.
Fasilə ərəfəsində qonaqların hesabı bərabərləşdirməsi, ikinci hissənin də maraqlı, gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verirdi ki, ehtimallar artıqlaması ilə özünü doğrultdu. Hər iki komanda xoşbəxtliyi rəqib qapısı önündə axtarır, meydanın mərkəzini maksimum tez keçməklə sürətli hücumlar qurmağa çalışırdı. İkinci yarının əvvəlində “Səbail” Aleksandr Ramalinqomun baxımlı qolu sayəsində hesabda önə çıxsa da, VAR-dan gələn siqnaldan sonra baş hakim hücumcunun ofsayddan fərqləndiyini bildirib sərbəst zərbə ilə oyunu davam etdirdi. Açığı, madaqaskarlı futbolçunun fərqləndiyi epizodda oyundan kənar vəziyyətdə olduğunu qətiyyətlə söyləmək bir qədər çətindi. Hər halda meydanda əsas söz sahibi olan ədalət təmsilçisi belə qərar verirsə, futbolçuların, məşqçilər korpusunun onunla razılaşmaqdan başqa əlacı yoxdu. Az sonra isə qonaqlar qol sevinci yaşadı. Meydana əvəzetmədən daxil olan Anatoli Nuriyev 84-cü dəqiqədə cərimə meydançasının həndəvərindən qüvvətli zərbə ilə “dənizçilər”in torunu silkələdi. Onu da qeyd edək ki, top yolüstü “Səbail”in müdafiəçisinə dəydiyindən trayektoriyasını dəyişdi ki, bu da Səlahəti çaşdırdı. Lakin Musayevin komandasının sevinci uzun sürmədi. Cəmi 3 dəqiqə sonra Adi Mehremiç komandasının ikinci qolunun müəllifi oldu. Qalan dəqiqələrdə hər iki komanda çox çalışsa da, tablodakı rəqəmləri dəyişmək mümkün olmadı. Əvəzində “Sabah” əsas vaxtda əlavə olunmuş 4-cü dəqiqədə aparıcı futbolçularından birini, Boyan Letiçi itirdi. Müdafiəçi hakimi təhqir etdiyinə görə, meydan qovuldu.
Yekun hesabın ədalətli olub-olmadığını söyləmək çətindi. Düzü, hər iki komanda qələbəyə, 3 xala layiq idi. oyun Dünənki oyundan sonra “Səbail” məğlubiyyətsiz seriyası 5-ə çatdısa, “Səbail” artıq 6 turdu qələbə üzünə həsrətdi. Onu da qeyd etmək lazımdı ki, Diniyevin komandası heç-heçə etməsinə baxmayaraq, ilk “üçlük”də mövqeyini qoruyub saxlayır. “Bayquşlar” isə heç cür 8-ci pilləni tərk edə bilmir.
RƏŞAD QASIMOV