"Kəpəz" Premyer Liqanın XVI turunda "Qəbələ"ylə səfər matçına hazırlığını tam olaraq Gəncədə keçirəcək. Bu haqda Sport24.az-a danışan komandanın baş məşqçisi Adil Şükürov Qəbələdə oyunöncəsi məşq etməyəcəklərini açıqlayıb.

46 yaşlı mütəxəssis bunun səbəbini belə açıqlayıb: "Orda bizə məşq üçün əsas yox, ehtiyat meydançanı verirlər. O da aşağı-yuxarı bizim ehtiyat meydança ilə eynidi. Buna görə özümüzdə məşq edib Qəbələyə birbaşa oyuna gedəcəyik. Dekabrın 8-dək məşq edib, sonra yola düşəcəyik. Bilirsiniz ki, Gəncədən Qəbələyə məsafə yaxındı, 2 saatlıq yoldu".

Şükürov son 2 pillədə gedən komandanın vacib qarşılaşmasında heyətdəki itkilərə də toxunub. Belə ki, gəncəlilər hər iki əcnəbi dayaq yarımmüdafiəçisinin xidmətindən məhrum qalıb: "Latir Fall zədəlidi, hələ tam bərpa olmayıb. O, "Səbail"lə səfər matçında arxa bud əzələsini dartmışdı. Zədəsi yüngül idi, amma müalicəsi getdiyindən son turda bizə kömək edə bilmədi. İnşallah, dekabrın 6-da məşqlərə başlayanda vəziyyətinə tam aydınlıq gələcək ki, bizimlə ola biləcək, ya yox. Cəzayla bağlı da problemimiz var. Belə ki, Olavale Onanuqa 4-cü "sarı"nı alaraq vərəqə limitini aşdığına görə cəzalı duruma düşüb".

Xatırladaq ki, Qəbələdəki matç dekabrın 9-da saat 15:00-da keçiriləcək.

 

MEHMAN SÜLEYMANOV