Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyunundan (4:1) sonra qonaq komandanın baş məşqçisi Şota Maxaradze jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları söylədi…

 

– Böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?


– "Sabah"ı təbrik etmək istəyirəm, növbəti mərhələyə yüksəldilər. İlk oyundan sonra çətin vəziyyətə düşdük. Bilirdik ki, cavab oyununda daha çox risk etməliyik. Bunun nəticəsində iki qol buraxdıq, bir qol vurub oyuna qayıtsaq da, fasiləyə yaxın lazımsız qollar buraxdıq. Belə səhvlər bağışlanmır.

 

– Əsas səbəb səviyyə fərqidir, ya komandanız hazır deyil?


– İlk oyunda 82 dəqiqə bərabər səviyyədə oynadıq. Epizodlarımız olmuşdu. Sonradan qol buraxdıq. Matçın sonlarında ikinci qolu buraxmağımız belə nəticəyə gətirdi. İkinci oyun sanki birincinin davamı idi. Özümüzü çətin vəziyyətə salmışdıq.

 

– Məğlubiyyətin komandadakı karyeranıza pis təsir edəcəyini düşünürsünüz?


– Bəli. Belə məğlubiyyət xoş deyil. Kifayət qədər yaxşı komandamız var. Futbolda belə hallar olur. Bunu qəbul etməliyik.