"Ümid edirəm ki, "Sileks" "Dinamo"nu mübarizədən kənarlaşdıracaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq. Bu, mənim üçün xüsusi qarşılaşma olardı". Bu sözləri Sport24-ə açıqlamasında vaxtilə "Neftçi"nin formasını geyinmiş şimali makedoniyalı veteran futbolçu iSlavço Georgievsk deyib.
O, Bakı təmsilçisinin avrokuboklardakı potensialını da dəyərləndirib:
"Arzulayıram və inanıram ki, "Neftçi" bu mövsüm Avropada uğurlu çıxış edəcək. Bu klubun zəngin tarixi, böyük azarkeş ordusu var. "Neftçi" yalnız öz uğuru üçün deyil, həm də Azərbaycan futbolu naminə mübarizə aparmalıdır. Komandaya və bütün "Neftçi" azarkeşlərinə uğurlar arzulayıram".
Georgievski "Sileks"in hazırkı durumu barədə də fikirlərini bölüşüb:
"Komandanın yaxşı baş məşqçisi var. O, mənim futboldan yaxın dostlarımdan biridir. "Sileks" intizamlı və kompakt oyun sərgiləyən kollektivdir. Düşünürəm ki, "Dinamo" ilə qarşılaşmada şansları var. İstərdim ki, bu mərhələni keçsinlər və növbəti raundda "Neftçi" ilə üz-üzə gəlsinlər".
Veteran futbolçu sonda Bakı klubuna olan sevgisini bir daha vurğulayıb:
"Neftçi" mənim üçün hər zaman xüsusi klub olaraq qalacaq. Ona görə də bu komandanın uğurlarını yaxından izləyir və hər zaman dəstəkləyirəm".