“Rəqib yenidən formalaşmış “İmişli” idi. İlk hissədə komandamız meydana öyrəşmək üçün xeyli çətinlik çəkdi. Fasilədədən sonra bəzi əvəzetmələr edərək təzyiqi daha da artırdıq və rəqibi səhvlər etməyə məcbur etdik. İstədiyimiz oyunla ikinci yarıda qələbə gətirən qolları vura bildik”. Bu sözləri Sport24.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli bildirib.
I Liqada geridə qalan III turdan sonra “Şamaxı” MOİK-lə bərabər 7 xala malik olsa da, “münəccimlər” statistik göstəricilərə görə ilk pillədə qərarlaşıb. Əsgərlinin komandası meydana çıxdığı 3 oyunda rəqibləri 12 dəfə məyus etdiyi halda, öz qapısında cəmi 1 qol görüb. Komandasının ilk pillədə olmasına baxmayaraq, Vüqar bəyin də narazı olduğu nüanslar var. I Liqanın liderinin çalışdırıcısı meydanların durumundan şikayətçidi: “Onu da deyim ki, çempionatda çıxış edən komandalardan öncə bizim ən əsas rəqibimiz meydanlardı. Başa düşürəm infrastruktur istədiymiz kimi deyil, çempionat oyunlarını qəbul edə biləcək meydanlar azdı. Ancaq belə stadionlarda oynamaqla da futbolçuların sağlamlığını ciddi təhlükəyə atmış oluruq”.
Qeyd edək ki, son turda “Şamaxı” səfərdə “İmişli” ilə qarşılaşıb və oyun qonaqların böyükhesablı (3:0) qələbəsi ilə yekunlaşıb. Qarşılaşma Saatlı Olimpiya Kompleksinin meydanında keçirilib.
RƏŞAD QASIMOV