“Məşqlərə bu gündən başlamışıq. Hələ ki, seleksiya işləri gedir. Heyəti komplektləşdirdikdən sonra toplanışa start veriləcək”. Bu sözləri Sport24.az-a açıqlamasında uzun fasilədən sonra yenidən birinci liqaya dönən Yevlax “Karvan”ının baş məşqçisi Kənan Kərimov bildirib.
Doğma rayonda hazırlıq keçən komanda Yevlaxı tərk etmək fikrində deyil. Hazırda Aran təmsilçisinin düşərgəsində yerlilərlə yanaşı, legionerlər də baxışdadı. Kərimov onlarla bağlı yekun qərarın verimədiyini söylədi: “Bazada məskunlaşmışıq. Baxışda olan oyunçular var. Yerlilərlə yanaşı, legionerləri də sınaqdan keçiririk. Qanadan, Nigeriyadan olan futbolçular barədə son qərar yaxın günlərdə veriləcək. AFFA-nın ayrıdığı vəsaitdən başqa Şahmar Vəliyev də “Karvan”a yardım edir. Vəliyev komandanın iddialı olması, birinci liqada uğur qazanması üçün lazımi şərait yaradıb”.
Qeyd edək ki, "Karvan" ən parlaq dövrünü Şahmar Vəliyevin rəhbərliyi zamanında yaşayıb. Yevlax təmsilçisi 2 dəfə avrokuboklara vəsiqə qazanıb, ölkə çempionatının gümüş və bürünc medallarını əldə edib, UEFA Kubokunda mərhələ adlayan ilk Azərbaycan təmsilçisi olub.
RƏŞAD QASIMOV