"İlk sıralardan danışırıqsa, "Qarabağ" çempionluğa layiq idi. Onuncu çempionluğunu qeyd etdi. Həm ölkə daxili, həm də avrokuboklarda uğurlu mövsümlər keçirir". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov deyib.

43 yaşlı mütəxəssis Misli Premyer Liqasının 2022/2023 mövsümünü dəyərləndirkən bildirib ki, çümpionluq yolunda "Sabah" "Qarabağ"la mübarizə apara bildi və xoş sözlərə layiqdi: "Çünki komanda çox yaxşı çıxış etdi və zaman-zaman rəqibinə yaxınlaşdı. "Qarabağ" da iki məğlubiyyətin birini "Sabah"dan aldı. Yaxşı rəqabət oldu. Digər komandaların da növbəti mövsümdən güclənməsinə və rəqabətin daha ciddi olacağına ümid edirəm. Bu mövsüm idman prinsiplərinin qorunması bir az maraq qatdı. Dördüncü pillədə "Qəbələ" və "Zirə"nin ifasında maraqlı mübarizə izlədik və nəticədə "qırmızı-qaralar" uğurlu oldular. Bu da başqa bir gərginlik idi".

Qurbanov sonuncu yeri tutaraq IDiviziona dünən sabiq klubu "Şamaxı"dan da danışıb: "Son pillələrdə isə "Səbail" və "Şamaxı" yarışırdı. Bəlkə də "Şamaxı" gözlənilən idi. Çünki heyətində çempionatda debüt etməyən oyunçular da vardı. Nəticə olaraq ürəkaçan olmadı və Premyer Liqanı tərk etdilər. "Səbail" isə bu duruma düşməməli idi. Heyət yaxşı idi və rəhbərlik komandaya yaxşı baxır. Bu səbəbdən "Səbail" daha üst sıralarda yer almalı idi. Premyer Liqaya qayıdan Qərb təmsilçiləri - həm "Kəpəz", həm də "Turan Tovuz" çempionata maraq qatdılar. Gəncə və Tovuz azarkeşləri də gözəldi. Bölgələrdə futbolun çoxalması, inkişafı yaxşıdı".

 

 

KAMAL RZA