Misli Premyer Liqasının II turunun "İmişli" – "Neftçi" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Azarkeşlərə təşəkkür edirəm ki, əziyyət çəkib bura qədər gəldilər, bizi dəstəklədilər, arxamızda durdular. Sağ olsunlar, əfsuslar olsun ki, onları sevindirə bilmədik. İki xal itirdik. İlk oyundan sonra da klub rəhbərliyi yanımızda olduğunu göstərdi. Başa düşürük ki, bugünkü gündə nəticə ürəkaçan deyil. Yeni komandayıq, yaxşı işlər bacaracağımıza inanırıq. Bir-birini başa düşən, çox yaxşı işlər görməyə layiq komanda görəcəyik. Buna şübhəniz olmasın.
– Narazı qaldığınız məqam nə idi?
– Dinamika çox aşağı idi. Futbolçular sönük vəziyyətdə göründü. İkinci hissədə bunları dəyişdik, tempi artırdıq. Bu cür qapalı komandalara qarşı uzağı 2-3 epizod yaratmaq olur. Ötən oyunda da imkanlarımız oldu. Bu gün də 2-3 metrdən qapıya düşə bilmədik. Həlledici məqam ola bilərdi. Qol vurmalıyıq ki, rəqib açılsın. İlk hissədən həddindən artıq narazı idim, oyunda dinamika yox idi. Rəqibin 2-3 əks-hücumu da oldu, qol buraxa bilərdik. İkinci hissədə çox istəkli idik. Lakin yenə top itkilərimiz var idi və bu, tələskənlikdən irəli gəlirdi. Futbolçular sağ olsun, əziyyət çəkdilər.
– Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlı idi?
– Özü dəyişilmək istədi, səhhətində problem var idi.
– "Neftçi"dən nə vaxdan nəticə gözləmək olar?
– Formalaşmışıq, komanda normal vəziyyətdədir. Oyun üslubunda bir az futbolçuların anlaşmazlığı var. Bunlar məşqlərdə də sezilir. Bunu oturtmaq üçün zaman lazımdır. Futbolçuların mübazirəsi yerinədir, istək yüksək səviyyədədir. Problemləri oyunlar keçdikcə aradan qaldıracağıq.
– Əksəriyyət düşünürdü ki, "Neftçi" "Şamaxı", "İmişli" kimi komandalardan rahat xallar götürməli idi. Lakin belə rəqiblərlə oynamaq da asan deyil…
– Düzdür, lakin sizin kimi düşünənlər azdır. Bu gün müdafiəni qurmaq asandır. Lakin "Neftçi"nin tələbi nədir? Həm müdafiə, həm hücum yaxşı olmalıdır. Yeni qurulmuş komanda üçün bəzi şeylər çətindir. Bunlar bəhanə deyil, reallıqdır. Komandamda xoşuma gələn meydana çıxmazdan əvvəl uşaqların qələbə istəyi, mübarizə əzmi idi. Müdafiədə yaxşıyıq, komanda işin öhdəsindən gəlir. Bir az hücumlarda problem var, amma fikirləşirəm ki, bu cür qapalı oynayan komandalara qarşı çox imkan yarada bilməzsən. Yaratdığını isə qola çevirməlisən. Ancaq uşaqlar meydanda çalışır. Xal itirmələrinə görə üzülmələri bizi yaxşı yerə gətirəcək.
– Transfer yekunlaşıb?
– Xeyr. İşlərimiz daim gedir. İndiki məqamda əlimizdə olan futbolçuları oyun baxımından pik vəziyyətə gətirməliyik.
– Süni örtüklü meydançada oynamaq hansı çətinlik yaratdı?
– Əlbəttə, çətindir. Lakin bunu dilə gətirmək olmur. Deyəcəklər bəhanələrdir. "Qarabağ" da burda oynayanda çətinlik çəkir. Vallah, çox çətindir. Narahatlıq yaradır belə meydança. Bəlkə də ilk hissədə pis oyun bununla bağlı idi. Bu cür meydançada, şəraitda oynamaq çətindir.
– Əvəzedici komandaya göndərilən futbolçuların "Neftçi" karyerası bitdi?
– Kimdəsə nəsə alınır, nəsə yox. Uşaqlarla komandalardakı gələcəkləri haqda özləri ilə danışmışıq və seçimi özlərinə buraxmışıq. Futbolçular da düşünməlidir. Necə olacağını görəcəyik.