"Sumqayıt" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalisitlərin suallarını cavablandırıb:

 

"Rəqibi təbrik edirəm. İki oyuna altı xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyiləcək söz yoxdur. Futbolçularımı anlayıram. Oynamayanlar olsa belə, hiss edilirdi ki, hələ yorğunçuluq var. Motivasiya da qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyir. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün üç xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu.

 

- Nəriman Axundzadəni zədəyə görə risk edib meydana buraxmadız?

- Bəli, zədəsi var idi. Hələ də ayağında gərginlik var. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib.

 

- Juninyonun icarəyə götürülməsi həqiqətdir?

- Xeyr. Elə məlumat yoxdur. Danışıq da olmayıb. Ola bilər ki, orada oynamır deyə, belə fikirlər yaranır.

 

- Düşünmürsüz ki, "Qarabağ" meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?

- Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə əsas heyətlə meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunçuluğu var idi.

 

- Hazırda heyətdə 15 legioner var. Növbəti legionerlər üçün 200 min manat lazım olacaq...

- Çalışırıq ki, olsun. 200 min manata görə, nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi keyfiyyətli etmək istəyiriksə, bu addımlara gedəcəyik.

 

- "Qarabağ"ın qol buraxdığı epizodda Şahruddin Məhəmmədəliyevin səhvi var idi. Abbas Hüseynov da ona etiraz etdi....

- Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas öz işi ilə məşğul olsa, yaxşıdır. Şahruddin başı ilə çıxarası deyil ki. Hərə öz işi ilə məşğul olsa yaxşıdır. İşi düzgün yerinə yetirmək hamının borcudur.

 

- Son 3 mövsümün ilk turunda 0:1 uduzmusuz. Təsadüfdür, yoxsa Premyer Liqaya köklənməmisiz?

- Doğrudur, indi yadıma düşdü. Amma bu, ikinci tur idi axı(gülür). Avropadan gəlirik deyə, motivasiyamız aşağı idi. Ən vacibi yorğunçuluqdur. Bu gün yox, sabah da oynaya bilərdik. Oynamayan futbolçu öz idman formalarını itirirlər. Heç fikirləşməmişdim ki, 3 ildir belə hesabla uduzuruq. Əsas odur sonu yaxşı olsun.

 

- Qarşıda "Ferentsvaroş"la oyununuz var. Onların futbolçularının və məşqçilərinin qıcıqlandırıcı açıqlamaları var. Bu da sizə əlavə sitmul ola bilər?

- Onların fikri normaldır. Məğlub olduqdan sonra qarşıdakı oyuna motivasiya etmək üçün taktiki gedişdir. Amma biz onları düşünərək, oyuna hazırlaşası olsaq, öz oyunumuzu itirərik. Biz bütün oyunlara ciddi və səbirlə, təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox da irəli gedə bilmərik, yarıyolda qalarıq. Bunu normal qəbul edirəm. Məşqçidir, futbolçuları oyuna hazırlaşdırmalıyıq. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq.

 

- "Ferentsvaroş"u keçsəz, ÇL-ə düşsəz, hansı stadionda oynaycaqsız?

- İndi qarşıdakı matç haqda düşünək. Vacib oyundur. Məndən başqa hamı sanki bu mərhələni keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Lakin bunlar həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq....Qarşımızdakı rəqib "Ferentsvaroş"dur. Heç nədən qol vurmağı bacaran kollektivdir. Futbol elədir ki, 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq.