"Millinin oyunlarına görə yarnan fasilə bizim üçün kifayət qədər faydalı oldu. Bu müddətdən maksimum yararlanmağa çalışdıq. Həm fiziki hazırlıq baxımından üzərimizdə işlədik, həm də taktiki cəhətdən bəzi çatışmazlıqlarımızı aradan qaldırmağa çalışdıq". Bu sözləri Sport24.az-a "Şamaxı"nın futbolçusu Həbib İsmayılov deyib.
23 yaşlı futbolçu çempionatın geridə qalan bölümünü dəyərləndirib:
"Qarşıda bizi çempionatın vacib oyunları gözləyir və bu səbəbdən fasilədə yaxşı hazırlaşmaq bizim üçün önəmli idi. Çempionatda keçirdiyimiz 6 oyunda 9 xal toplamışıq. Bu nəticəni ümumilikdə qənaətbəxş hesab edirəm. Əlbəttə, daha çox xal qazanmaq imkanımız da var idi. Bəzi oyunlarda itirdiyimiz xallar oldu. Amma çempionat uzun marafondur və qarşıda hələ çox oyun var. Əsas odur ki, hər matçdan nəticə çıxaraq, çatışmazlıqlarımızı aradan qaldıraq və bundan sonrakı qarşılaşmalarda daha yaxşı nəticələr göstərək".
İsmayılov qarşıdakı "Zirə" ilə oyundan gözləntilərini də bölüşüb:
"Növbəti oyunumuz səfərdə "Zirə"yə qarşı olacaq. Rəqibin gücü və hansı səviyyədə olduğu hər kəsə bəllidir. Bizi çətin və maraqlı oyun gözləyir. Səfərdə oynamaq heç vaxt asan olmur, amma biz də bu görüşə yaxşı hazırlaşırıq və gücümüzə inanırıq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə, sona qədər mübarizə aparmağa çalışacağıq. İnşallah, "Zirə" ilə oyunda yaxşı futbol nümayiş etdirib, istədiyimiz nəticəni qazanarıq. Məqsədimiz evə xalla qayıtmaqdır. Bunun üçün bütün komanda olaraq maksimum əzmkarlıq göstərməli və məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirməliyik".
Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasında 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.