Millimizin "mühüm" matçları ilə əlaqədar çempionatımızda yaranan fasilə sona çatır. Premyer Liqa həlledici fazaya - IV dövrəyə qədəm qoyur. Çempionluq məsələsi həllini tapsa da, Konfrans Liqasında ölkəmizi təmsil etmək uğrunda amansız mübarizə gedir. Bu yarışma iştirakçılarından biri də "Səbail"di. Paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev Sport24.az-a verdiyi müsahibədə həm komandasının qış fasiləsindən sonrakı dövrünə qiymət verdi, həm də qeyri-sabit çıxışlarının səbəbini açıqladı.

 

- III dövrə yekunlaşdı. Yığmanın oyunu ilə əlaqədar yaranan fasilə də başa çatmaq üzrədi. Bu fasilədən necə yararlandız?
- Son 2 oyunu uzuzmuşduq deyə, bir qədər psixoloji gərginliyimiz vardı. Amma ümumi götürəndə komanda ritmdədi. Bir qədər fiziki hazırlığımızı qorumaq üçün MOİK-lə yoxlama görüşü keçirdik və 4:3 qalib gəldik. Hər 2 hissədə fərqli heyəti buraxıb oyunçularımın hər birinə şans verdim. Qarşıda bizi Tovuz təmsilçisiylə ağır oyun gözləyir, artıq o görüşün hazırlığına başlamışıq. Qarşıdakı 9 matçın hər biri bizim üçün final oyunları olacaq.

 

- Qış fasiləsindən sonra yaxşı təsir bağışlayan "Səbail"in uğur tellərində hansı sim qırıldı ki, son oyunlarda arzuolunmaz nəticələrlə üzləşdiz?
- Biz yeni yaranan kollektivik. Hələ tam istədiyimiz sistemi otuzdurmamışıq. Ona görə qeyri-stabillik hələ davam edəcək. Elə oyun olur yaxşı çıxış edirik, eləsi də olur pis. Yəni, hələ stabillik yoxdu. Uğursuzluğumuzun digər səbəbi isə müdafiədəki boşluqlardı. Çox uşaq səhvləri edib, asan qollar yedik. Çempionat finişə doğru getdikcə klublar arasında gərginlik artır. Hamı maksimum xal toplayıb irəli getmək istəyir. İnanıram ki, qarşıdakı dövrdə çatışmazlıqlarımızı minimuma endirəcəyik.

 

- Fasilədən sonra "Turan Tovuz"u qəbul edəcəksiz. Məhsuldarlığa görə 2 və 3-cü yerdə gedən iki komanda qarşılaşacaq. Hər halda, birgə 80 qol vurmusuz. Bundan başqa hər 2 tərəfə 3 xal lazımdı. Siz udsaz liderlərə xeyli yaxınlaşırsınız, rəqibin qalib gələcəyi təqdirdə sizi turnir cədvəlində üstələyir...
- Həqiqətən də hər iki tərəfə qələbə çox lazımdı. Tovuz klubu yaxşı komandadı. Son oyunlarında da inkişaf görünür. İnanmıram ki, qapıda oturacağıq. Amma ehtiyat da igidin yaraşığıdı. Bizi çox gərgin, maraqlı və dinamik oyun gözləyir.

 

- Sizcə, ev sahibi olmağınız komandamıza üstünlük yaradacaq?
- Səmimi etiraf edək ki, bu gün çempionatımızda azarkeş marağı azdı, tribunalar boşdu. Bircə "Turan Tovuz" fanatları ev oyunlarında aktivliyi ilə seçilir. Ona görə doğma meydan və ya səfərdə oynamağımızın hazırda rolu yoxdu. Zənnimcə trinunada tovuzlu azarkeşlər daha çox olacaq. Unutmayaq ki, biz də, "Turan" da ev oyunlarını süni örtükdə keçiririk. Dolayısı ilə heç bir üstünlüyümüzdən söhbət gedə bilməz.


- 3-cü dəfə "Neftçi"nin rəhbər şəxsi federasiyanın "sükanı arxası"na gətiriləcək. Sizcə, bu təyinat futbolumuza inkişaf gətirəcək?
- AFFA-nın əsas sponsoru SOCAR olduğundan rəhbərinin də adıçəkilən təşkilatdan olması gözləniləndi. Amma ümidimiz böyükdü. Ən azı uşaq futbolu, maddi-texniki baza, limit məsələsi, çempionatda komanda sayı və s. dəyişiklik görəcəyik. Düzgün sistem qurulacaqsa, uğurlarımız yaxında olacaq.