Premyer Liqa komandalarının son mövsümdə qazandıqları vərəqələrlə bağlı statistik yazımız davam edir. Sport24.az saytı bu dəfə çempionatın gümüş mükafatçısı "Sabah"la bağlı yazını təqdim edir.

"Sabah"da vərəqə göstəriciləri digər rəqiblərindən fərqlənir. İlk olaraq məşqçilər korpusu ilə bağlı statistikaya baxsaq, 5 sarı və 6 qırmızı vərəqənin şahidi olarıq. Belə ki, mövsüm ərzində komandanın baş məşqçisi Murad Musayev 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Rusiyalı mütəxəssis 4 dəfə isə qırmızı vərəqə görüb. Misayevin qapıçılarla işləyən köməkçisi Vitaliy Kovalyov 2 dəfə hakimin sərt üzünü görüb.

Futbolçulara gəlincə, 25 nəfərlik iştirak ərizəsində yer alan futbolçulardan 18-i vərəqə alıb. Qapıçılar Yusif İmanov, Rustam Samiqullin və Nicat Mehbalıyev, müdafiəçilər Zurab Oçiqava, Nemət Şıxəmirov, yarımmüdafiəçi Kristian da Silva və hücumçu Camal Cəfərov cəzalanmayıblar. Düzdür, burda əsas heyət üzvləri az olsa da, rəqəmlər cəza almayan oyunçu sayını 7 göstərir.

Komandanın ən intizamsız futbolçuları Elvin Camalov, Aleksey İsayev və Amin Seydiyevdi. Adıçəkilən hər üç futbolçu 10 oyunda sarı vərəqə alıb. Boyan Letiç 7, Abdullaye Ba isə 6 dəfə "sarı" alıb.

Ümumilikdə 5 futbolçu 6 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Con İrasabal 2, Anatoli Nuriyev, Kristian Sebalyos, Ceyhun Nuriyev və Abdullaye Ba isə hərə bir dəfə qırmızı ilə cəzalanıblar.