"Sabah"ın heyətinə qatdığı Qabon millisinin futbolçusu Patrik Orfe Mbina ilə bağlı bəzi detallar üzə çıxıb. Spor24.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu Azərbaycana gəlməmişdən əvvəl Sloveniyanın "Maribor" komandasının heyətindən kənarlaşdırılıb.

Afrikalı forvardla komandanın baş məşqçisi Fedja Dudiç arasında problem yaşanıb. İş o yerə çatıb ki, 43 yaşlı çalışdırıcı oyunçunu heyətdən uzaqlaşdırıb.

2024-cü ildə də "Maribor"da çıxış edən Orfe Mbina Portuqaliyanın "Leyriya" komandasında icarədə oynadıqdan sonra 2025-ci ildə kluba qayıtmışdı. O, son olaraq ötən ilin oktyabrında Sloveniya komandasının heyətində meydana çıxmışdı.

Forvard bütün bunlara baxmayaraq cari mövsüm yerli çempionatda 9 matçda 4 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, "Sabah" icarəyə götürdüyü futbolçunu mövsümün sonunda birbaşa transfer etmək hüququna malikdir.