"Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.

33 yaşlı qolkiper Qazaxıstan mətbuatına açıqlamasında İsrailin "Hapoel" (Beer-Şeva) komandasına əlavə vaxtda 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yaşadığı hissləri bölüşüb.

Pokatilov komandanın tarixi uğurunun hələ də tam olaraq fərqində olmadığını bildirib:

"Hamımızın ortaq arzumuzun gerçəkləşdiyinə hələ də inana bilmirəm. Hətta nə deyəcəyimi də bilmirəm. Əsas mərhələdə kim bizə rəqib olacaq? Şübhəsiz ki, müxtəlif səbətlərdə fərqli arzularımız var idi, amma indi istənilən rəqiblə qarşılaşmağa şadam. Bu, artıq Çempionlar Liqasının əsas mərhələsidir".

Qazaxıstanlı qapıçı qarşılaşmadan sonra paltardəyişmə otağında böyük sevinc yaşandığını və komandanın bu tarixi qələbəni birlikdə qeyd edəcəyini söyləyib:

"Hamımız bir araya gəlib bu qələbəni mütləq qeyd edəcəyik. Hazırlaşırıq, püşkatmanı gözləyirik. Bizim nağılımız davam edir, bunu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin püşkü avquatun 28-də atılacaq.