U-20 Avropa çempionu olan Azərbaycan güləşçisi Ruzanna Məmmədova (62 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, o, dünya çempionatında hazırlığı dəyərləndirib, mundialdan gözləntilərini açıqlayıb.

 

– Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa nə qədər hazır hiss edirsən?

– Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək.

 

– Son vaxtlar zədələr sənə yarışlarda mane olur. Bu dəfə belə problem yoxdur ki?

– Problem həmişə var. Dizlərimdə ağır zədə var. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm.

 

– Üç il əvvəl U-17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U-20-də təkrarlaya bilərsən. Səncə alınacaq? Bunun üçün nə lazımdır?

– İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm.

 

– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?

– Bilirsiz ki, Dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rus rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik.

 

– Əsas rəqib saydığın güləşçilərin görüşlərini izləyib, zəif-güclü tərəflərini təhlil edirsən?

– Əlbəttə, baxıram. Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram.

 

– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var, yoxsa 62 kq-da davam etmək istəyirsən?

– Çəki baxımdan konkret bir şey deyə bilməyəcəyəm. Çünki bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyerama 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır.

 

– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?

– Daha çox funksional hazırlıq və dözümlülük üzərində çalışıram.