Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" – "Petrokub" (Moldova) oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Hər kəsi təbrik edirəm. Azarkeşlərimizi, kluba bağlılığı olan hər kəsi. Yeni mərhələyə adladıq. Oyunda hər şey əlimizdə idi. 2:0 öndə olduğumuz bizi rahatlaşdıra bilərdi. Bu, məni narahat edirdi. Rəqibdən güclü olduğumuzu bilirdik. Heç kim düşünməməliydi ki, asan oyun olacaq. Bir həftə ərzində oyunçuların rahatlaşmasına imkan verməməyə çalışdıq. Komandanın inkişafı üçün bu oyunu rahatlaşmadan oynamaq lazım idi. Oyuna tez başladıq, ritmi yaxaladıq. İlk oyunla müqayisədə texniki cəhətdən rəqibdən daha üstün oynadıq. Qollardan sonra rahatlaşma başladı və rəqib fərqləndi. Lakin bundan sonra oyunçularımın verdiyi reaksiya xoşuma gəldi. 4:1-dən sonra bəlli idi ki, mərhələ adlayacağıq. Oyun bizim üçün gələcək üçün çoxlu informasiya verir və bunlar böyüməyimiz üçün faydalıdır. Rəqibə etdiyimiz təzyiqdən xoşum gəlmədi. Oyunçularda rahatlıq var idi. Eyni zamanda mövqe səhvlərimiz də oldu. Kifayət qədər qol imkanları qaçırdıq. Bunlar üzərində işləməliyik. Növbəti rəqib daha güclü olacaq. Sabahdan etibarən məşqlərə başlayacağıq.

 

– Oyun sizə Liqa mərhələsi xəyalları qurdurur?


– Bu sadəcə bir pillə irəliləmək idi. Qarşıda yolumuz var. Oyun bizə çoxlu informasiya verir ki, nələr üzərində işləməliyik.

 

– "Petrokub"a qarşı belə rahat qələbə qazanacağınızı düşünürdünüz?


– Oyun bu şəkildə bitəndən sonra sizlərə asan gələ bilər. Amma hər kəsə hörmətlə yanaşırıq. Bununçün oyunçularımız çox çalışırlar. Bu qələbənin ardında ağır iş var.

 

– Komandanın hücum xətti yaxşıdır. Son 4 oyunda 11 qol vurmusuz. Əsas heyətdə seçim etmək çətin olmur?


– Elə məşqçiyəm ki, hücum futbolu oynatmağı sevirəm. Qollar olmalıdır. Sadəcə bir oyunçunun işgüzarlığı yoxdur. Komanda şəklində hamı çalışır. Oyunçulardan tələbim hücum futbolu oynamaqdır.

 

– Növbəti mərhələdə hansı komandanın rəqib olmasını istərdiniz?


– Deyə bilərəm ki, fərqi yoxdur. Hansısa nəticə oyunumuza təsir etməyəcək. Kim gəlirsə, gəlsin. Öz komandama köklənirəm.