Azərbaycan Premyer Liqasının XXI turunda cəmi 5 qol vuruldu ki, bunlardan da ikisi “Sumqayıt”ın “düsünən beyni” Rəhim Sadıxovun payına düşdü. “Kimyaçılar”ın “kimyagər”i “Neftçi” səfərində dubla imza ataraq komandasının 2:0 hesablı qələbəsini təmin etdi. Sadıxovun fədakarlığı Sport24.az-ın diqqətindən kənar qalmadı və o, saytımız tərəfindən “Turun oyunçusu” seçildi: “Bir oyunda seçilmək və ya fərqlənmək həqiqətən gözəl hissdir. Bunun üçün Sizə təşəkkür edirəm. Mənim üçün önəmli olan əsas məqam əlbəttə ki, komandamın qələbə qazanmasıdır”.
Çempionluq uğrunda mübarizə aparan “Neftçi”nin qapısına 2 dəfə yol tapmaq hər oğulun işi deyil. Lap bu qollardan biri penaltidən vurulsa belə. Hətta məşqçi dəyişikliyi də “ağ-qaralar”ın cari mövsümdə rəqib qapısına yol tapmasına imkan vermədi. Axı, daha əvvəlki 2 oyunda da “Neftçi” bir dəfə 0:2 məğlub olub, Sumqayıtda isə qolsuz bərabərlik qeydə alınıb: “Dediyiniz kimi, çempionluğa iki namizəd klublardan biri ilə qarşılaşmada qələbə qazanmaq gözəl duyğudur. “Neftçi”nin gücü hər kəsə bəllidir. Maraqlı oyun alındı, rəqibi yaxşı analiz etmişdik. Ümumi götürsək rəqibə o qədər də epizod yaratmaq üçün imkan vermədik, əks-hücum taktikasından isə çox yaxşı istifadə etdik. Bu 3 xal bizim üçün çox vacib idi. Əlimdən gələni edirəm ki, komandamın heyətində stabil çıxış edə bilim. Deməzdim ki, “Neftçi”yə qarşı xüsusi motivasiya ilə çıxmışdıq, sadəcə, qələbə qazanmaq istəyirdik və bunu bacardıq. Ümümiyyətlə, bizi çox çətin bir dövrə gözləyir. Bütün komandalar hər oyuna final qarşılaşması kimi çıxır. Hər kəsin mükafatçılar sırasına düşmə şansı var”.
“Sumqayıt” “yağışdan çıxıb yağmura” düşüb. “Neftçi”dən sonra daha bir əzəmətli rəqib “Qarabağ” önündə imtahan verəcək, “kimyaçılar”. Bəs qəhrəmanımız məsul imtahandan “kəsilməmək” şansları barədə nə düşünür? Rəhim dinləyək: “Neftçi”dən sonra rəqibimiz dediyiniz kimi “Qarabağ”dır. Ağdam təmsilçisi uzun illərdir ölkə çempionudur. Artıq neçə ildir ki, “Qarabağ” ölkəmizi həm də Avrokuboklarda layiqincə təmsil edir. Bizi olduqca çətin oyun gözləyir. Amma əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
CEYHUN ƏLİYEV