Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Lumassil “Aris”inin qonağı olacaq “Neftçi”nin baş məşqçisi Lorentsio Regekampf mətbuat konfransı keçirib. Sport24.az-ın Kiprə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, rumıniyalı mütəxəssis əvvəlcə sabah baş tutacaq oyun haqda fikirlərini bölüşüb.
- Sabah bizi olduqca vacib oyun gözləyir. Cari mövsümdə ilk rəsmi matçımızdı. Ağır təlim-məşq toplanışı keçmişik. Düşünürəm ki, sabah yaxşı oyun keçirəcəyik və mərhələ adlamaq yolunda mühüm addım atmış olacağıq.
- Mbodj sabah sağ cinahda oynayacaq?
- Üzr istəyirəm, heyəti deməyəcəm. Toplanışa xeyli modelləri yoxladıq. Çalışacağıq ən yaxşı start heyətini seçək. Elə etməliyik ki, hər oyunda rəqib bizə qarşı əziyyət çəksin. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik. Bunu yalnız müdafiəçilər etməməlidir.
- Azərbaycan klubları son dövrlər Kipr təmsilçilərini məğlub edib. Bu faktor lehinize, ya əleyhinizə işləyir?
- Keçmişdə nələr baş veribsə, önəmli deyil. Hesab edirəm ki, “Aris” yaxşı futbolçulara sahibdi. Aqressiv futbol oynayırlar. Uzun müddətdir bir yerdə oynayırlar. Sabah bizi asan oyun gözləmir. Rəqibin güclü tərəflərinə bələdəm. Sabah onlar yüksək və aqressiv pressinq tətbiq edəcəklər. Funksional hazırlıqları yüksəkdir. Doğma publika da onlara əlavə güc verəcək.
- Səfər qolunun ləğv edildiyini nəzərə alsaq, sizi hansı nəticə qane edəcək?
- Düşünmürəm ki, nəticə barədə danışmaq vacibdi. İstənilən pozitiv nəticə xeyrimizə olacaq. Qarşıda cavab oyunu da olacaq. Rəqibə hörmətlə yanaşırıq. Ancaq gizlətmirik ki, sərfəli nəticə arxasınca gəlmişik.
- Komandaya yeni gəlmisiniz. İstədiklərinizin neçə faizini həyata kecirmisiniz?
- Bu, o qədər də önəmli deyil. Mən və köməkçilərim hər gün onlara futbol fəlsəfəmizi asılmağa çalışmışıq. Razıyam ki, zaman qısa olub. Eyni zamanda fiziki hazırlığı da yüksək səviyyəyə çatdırmalı idik. Oyunçular onlardan nə istədiyimi bilirlər.
- Azarkeşlər “Styaua” ilə uğurlu nəticələr əldə etdiyinizə görə sevinirdi. Bu, sizin üçün əlavə təzyiq deyil?
- Əlbəttə, təcrubəmin olması önəmlidir. Ancaq meydanda oynayan futbolçulardi. Təcrübəli futbolçularımız var. Bu, olduqca önəmlidir.
- Rəqibin yüksək pressinq tətbiq edəcəyini bildirdiniz. Bu, o anlama gəlir ki, qonaq taktikası seçəcəksiniz, yoxsa özünüzü “Bakcell Arena”dakı kimi aparacaqsınız?
- Çox gözəl sualdı. Dedikləriniz tam düzgün yanaşmadır. Biz oyunun hər hissəsinə müvafiq oyun sərgiləməliyik. Oyunun gedişatında taktika dəyişə bilər.
- Toplanışdakı son matçdan sonra hücumda qol vurmamağı problem kimi qabartmışdınız. Bu problem həllini tapdı?
- Toplanışın sonuna yaxın yorğunluq olur. Bu da səhvləri şərtləndirir. Futbolçulara topu cərimə meydançasına necə çatdırmalı olduqlarına öyrənmişik. Bundan sonra isə hər kəsin ustalığına bağlıdı. Komandamızda qol vurmağı bacaran futbolçular var.
Ceyhun Əliyev, Larnaka