"Şamaxı"nın İdarə Heyətinin üzvü Ramiz Məmmədov Sport24.az-a müsahibə verib. O, "şirlər"in cari mövsümdə çıxışını dəyərləndirməklə yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.

 

- Son turda "Şamaxı" "doğma divarlar" "Sumqayıt"ı məğlub edib. Oyunla bağlı fikirlərinizi bölüşməyinizi istərdik...  

- Ötən həftə baş tutan görüşdə futbolçularımız çox istəkli və ağıllı oynadılar. Komandamız layiqli qələbə qazandı, bunu haqq edirdik. Qarşıdakı turlarda daha da yaxşı çıxış edəcəyimizə inanıram.

 

- Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ardıcıl iki oyundu ki, meydanı qələbə ilə tərk edir. "Şirlər"in qarşısına hansı məqsəd qoyulub?

- Başlıca məqsəd elitada qalmaqdı. Hər turda yaxşı performans sərgiləsək və daha da tərəqqi etsək, düşünürəm ki, ilk "6-lıq"da yer almağı bacararıq.

 

- Artıq altı tur başa çatıb. Çempionatın səviyyəsi və komandaların çıxışı haqqında fikirləriniz maraqlıdı...

- Ümumi götürəndə çempionat pis keçmir. Rəqabət hiss olunur. Amma komandalar tam relsə düşməyibləır. Belə ki, komandalar hələ tam gücüylə oynamırlar. Birinci dövrədən sonra daha gərgin mübarizə izləyəcəyik.

 

-Bir qədər də milli barədə danışaq. Yığmamız Millətlər Liqasına uğursuz başladı. Ölkənin əsas komandasının son iki oyunu ilə bağlı nə düşünürsüz? Sizcə, Fernandu Santuş millidə nəsə edə biləcək?

- Fernandu Santuş Portuqaliya yığması ilə Avropa çempionu olmağı bacarıb. Santuş haqqında əlavə şərhə ehtiyac yoxdu. Sadəcə, o, hələ yığmada yenidir, qısa vaxtda ondan böyük sıçrayış gözləmək düz deyil. Santuş tələblərini və futbol fəlsəfəsini milli oyunçularımıza tam aşılaya bilməyib. Bunun üçün müəyyən zaman lazımdır. Son iki oyuna gəlincə, istəməzdik ki, məğlubiyyətlə başlayaq. Mən daha çox İsveçlə qarşılaşma haqqında qısaca fikirimi deyim ki, o görüşdə pis çıxış etmədik. Hətta rəqibi oyun planında üstələdik. Fikrimcə, əlimizə düşən fürsətləri, o cümlədən, Ramil Şeydayevin qaçırdığı penaltini boşa verməsəydik, yekunda fərqi nəticə görə bilərdik. Amma alınmadı. Zənnimcə millimiz qarşıdakı oyunlarda uğurlu nəticə qazanacaq.

 

ABDULLA İSMAYILOĞLU