"Qarabağ"ın növbəti mərhələ şansı azdır. İndiyədək çox xal itkiləri oldu. Bəzi matçlarda isə bəxtləri gətirmədi". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev səsləndirib.

"Şahdağ Qusar"da çıxış edən 35 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın UEFA Avropa Liqasında Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəyi matça toxunub:

"Rəqib məşhur komandadır. Cari mövsüm avrokubokda yaxşı təsir bağışlayırlar. "Qarabağ" üçün çox çətin oyun olacaq. Ancaq təmsilçimiz doğma azarkeşlər önündə oynayacaq. "Qarabağ" elə kollektivdir ki, istənilən komandaya qarşı öz oyununu nümayiş etdirə bilər. Nə qədər çətin olsa da, qələbə qazanacağımıza inanıram. Juninyonun "Flamenqo"ya keçməsi bəlkə təsir edə bilər. Buna baxmayaraq üç xalı əldə edəcəklərinə inamım böyükdür".

Rahid Əmirquliyev 2019-cu ildə "Səbail"in heyətində Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın digər klubu "Universitatya" (Krayova) ilə matçlarda iştirak edib.

Təcrübəli oyunçu həmin vaxt rəqibin güclü olduğunu söyləyib:

"Səbail" də tarixində ilk dəfə avrokubokda mübarizə aparırdı. Bütün bunlara baxmayaraq pis çıxış etməmişdik. Hər iki görüşdə 2:3 hesabı ilə uduzduq. Rumıniyanın yaxşı komandaları var, onlara qarşı oynamaqda çətinlik çəkmişik".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - FCSB qarşılaşması saat 21:45-də başlayacaq.