Əmrah Çəlikəl Azərbaycan İdman Akademiyası (ASA) ilə "Qarabağ" Futbol Klubunun akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən "Futbol məşqçilərinin peşəkar inkişaf proqramı"nın yekunlarına həsr olunmuş tədbirdə iştirak edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş direktoru tədbirdən sonra ona ünvanlanan sualları cavablandırıb:

 

- Bu gün bizim üçün əlamətdar gündür. Azərbaycan İdman Akademiyasında ilk mərhələni keçmişik. "Qarabağ"ın futbol akademiyasının məşqçiləri üçün keçirilən dərslər onların inkişafı, uşaqlara yanaşması, ailə ilə münasibətləri tənzimləyən və elmi yolla məşqçilərə açıqlayan çox gözəl proqram idi. Ehtiyacımız olan dəstəyi aldıq. Azərbaycan İdman Akademiyası ilə iş birliyimiz artaraq, davam edəcək.

 

- İlk təklif kimdən gəldi və nə qədər məşqçi iştirak etdi?

 

- 20-dən çox məşqçimiz proqramda iştirak etdi. Akademiyamızda işləyən bütün məşqçi heyətini cəlb etmişik. Biz tərəfdən müraciət olundu. Bunun çox da fərqi yoxdur. Əsas odur ki, müsbət cavab gəldi və mənəvi olaraq bizə böyük dəstək verdilər.

 

- Bu və ya başqa formada təlim proqramlarının olması gözlənilir?

 

- Akademiya məşqçilərimiz üçün daha fərqli proqramlar və indiki proqramların yenilənməsi də olacaq. Biz bunu mütəmadi edəcəyik. 

 

- Bu proqramın monitorinqini necə həyata keçirəcəksiz?

 

- Birincisi, buradakı tələbimiz məşqçilərin proqramı yerinə yetirməsidir. Amma 60 və daha yuxarı bal qənaətbəxş, 70 və daha çox bal yaxşı sayılır. Bütün məşqçilərdən 70-dən yuxarı bal toplamalarını gözləyirik, tələbimiz də budur. Bunu qarşılayana qədər Azərbaycan İdman Akademiyasının da bəlli etdiyi ölçüdə müəyyən sayda şans veriləcək. Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq.