Klub rəhbərliyi məşqçilərin və "Qarabağ"da çalışan digər əməkdaşların peşəkar inkişafına xüsusi önəm verir. Bu məqsədlə Azərbaycan İdman Akademiyasına müraciət edildi və əməkdaşlıq təklifi müsbət qarşılandı. Bu baxımdan proqramın həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkürümü bildirirəm.
Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş direktoru Əmrah Çəlikəl Azərbaycan İdman Akademiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Futbol məşqçilərinin peşəkar inkişaf proqramı"nın yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, futbolçu yetişdirərkən yalnız məşqçilərin şəxsi təcrübəsinə əsaslanmaq kifayət deyil, bu prosesdə elmi yanaşma da vacibdir: "Bu prosesdə elmi əsaslara söykənən metodlardan istifadə olunmalı, məşqçilərin bilik və bacarıqları mütəmadi olaraq inkişaf etdirilməlidir. Bu istiqamətdə Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq klub üçün mühüm əhəmiyyət daşıyır. "Qarabağ"ın məqsədi yalnız futbolçu yetişdirmək deyil, həm də vətənini sevən, cəmiyyətə faydalı, yaxşı vətəndaşlar formalaşdırmaqdır. Akademiyaya gələn uşaqların ilk növbədə yaxşı övlad, yaxşı şagird və vətəninə bağlı vətəndaş kimi yetişməsinə çalışırıq. Futbolçu olmaq üçün potensialı olan uşaqlara isə bu istiqamətdə dəstək göstərilir".
Klub rəsmisinin sözlərinə görə, uşaqlarla birbaşa ünsiyyətdə olan məşqçilərin elmi biliklərinin və peşəkarlıqlarının artırılması vacibdir: "Bu səbəbdən məşqçilər proqram çərçivəsində keçirilən dərslərdə iştirak ediblər. Bəzi iştirakçılar proqramı uğurla başa vurdu, bəziləri isə müəyyən çətinliklərlə üzləşdilər. Amma bildirməliyik ki, bu təlimlər davamlı şəkildə təşkil olunacaq".