Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin yalnız nəzəri biliklərinin və praktiki təcrübələrinin deyil, həm də pedaqoji bacarıqlarının təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə təşkil olunan təlimlər məşqçilərə mövcud vəziyyəti daha dəqiq qiymətləndirmək, çatışmazlıqları müəyyənləşdirmək və gələcək inkişaf istiqamətlərini planlaşdırmaq imkanı yaradır.
Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev ASA ilə "Qarabağ" Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində reallaşdırılan "Futbol məşqçilərinin peşəkar inkişaf proqramı"nın yekunlarına həsr olunmuş tədbirdə səsləndirib.
Rektor bildirib ki, Azərbaycan futbolunun inkişaf səviyyəsini müəyyən etmək üçün mövcud vəziyyətin hərtərəfli təhlili və beynəlxalq təcrübə ilə müqayisəli şəkildə öyrənilməsi vacibdir. Onun sözlərinə görə, futbol Azərbaycan cəmiyyəti üçün təkcə idman növü deyil, həm də insanların əhval-ruhiyyəsinə və ictimai həyata təsir göstərən mühüm amildir. Bu səbəbdən gənc futbolçuların yetişdirilməsində məşqçilərin rolu və məsuliyyəti böyükdür. Məşqçilər idmançıların fiziki hazırlığı ilə yanaşı, onların fərdi qabiliyyətlərinin inkişafına və düzgün pedaqoji yanaşmanın tətbiqinə də xüsusi diqqət yetirməlidirlər.
Fuad Hacıyev, həmçinin idman sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış mütəxəssislərdən ibarət dəstək komandasının yaradılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, beynəlxalq təcrübədə həkimlərin, psixoloqların, fiziki hazırlıq üzrə mütəxəssislərin, analitiklərin və digər peşəkarların idman komandalarının fəaliyyətində iştirakı vacib rol oynayır.
Rektorun fikrincə, bu mütəxəssislər idmançıların fiziki və psixoloji durumunu qiymətləndirməklə onların potensialının daha yaxşı üzə çıxarılmasına və məşq prosesinin effektivliyinin artırılmasına şərait yaradırlar. Azərbaycanda da bu sahədə geniş imkanlar mövcuddur. İdmançıların funksional vəziyyətinin diaqnostikası, göstəricilərinin təhlili və fərdi hazırlıq proqramlarının düzgün qurulması idman nəticələrinin yüksəldilməsinə mühüm töhfə verə bilər.