"Çox maraqlı derbi alındı. Çoxdandı belə atmosferə şahidlik etmirdik. Bizim çempionat üçün çox sevindirici bir hal oldu. Hər iki komandanın azarkeşləri də bu oyunda çox fəal idi. "Neftçi" də çox yaxşı müqavimət göstərdi "Qarabağ"a. İlk hissədə çox sürətli keçidləri vardı - həm hücumda, həm də müdafiədə. Bu da nəticəyə təsir göstərdi ki, "Neftçi" fasiləyə hesabda 1:0 öndə yollandı". Bu fikirləri Sport24.az-a açıqlamasında avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ"la haqda danışan "Keşlə"nin sabiq baş baş məşqçisi Sənan Qurbanov deyib.

Məhz "Qarabağ"a məhz "Azərsun Arena"da məğlubiyyətdən sonra postundan getmiş 42 yaşlı mütəxəssisin fikrincə, ağdamlıların "Neftçi"ylə həmin stadiondakı derbidə (3:1) 2-ci hissədə sürəti, tempi qaldırması həlledici olub: "Nəticədə bu mühüm oyunda qələbə qazanmış və Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la Afinadakı oyunöncəsi əməlli-başlı motivasiya almış oldu. Yunanlar bu matça həddindən artıq ciddi hazırlaşır. Çünki rəqibinin həm "Nant", həm də "Neftçi" üzərində parlaq qələbəsindən sonra öz meydanında, azarkeşlərinin dəstəyi altında "Qarabağ"a qarşı çox ciddi köklənmiş olacaq. Hər halda, mən belə fikirləşirəm. Amma "Qarabağ" belə oyunları çox görüb. Düzdür, bəlkə yunan azarkeşlər digərlərinə baxanda daha çılğın olacaq, daha çox motivasiya verməyə çalışacaq. Təbii ki, "Qarabağ" bütün bunları nəzərə alacaq. İnanıram ki, qələbə seriyasını davam etdirəcək. Hamı "Qarabağ"dan qələbə gözləyir və bu yolda ona uğurlar arzulayıram".

Məlumdu ki, "Olimpiakos" uğursuz çıxışa görə baş postunda dəyişiklik edərək "Real"ın əfsənəsi olan Miçel Qonsalesi "sükanı arxası"na qaytarıb. Rəqibin heyətində zədəlilər çoxdu ki, bunlar əsas hücum xəttindədi. Bunlar əlavə, komandanın ulduz transferi olan braziliyalı müdafiəçi Marselo oynamayacaq. Bunun qarşılığında qrupda xalı olmayan "Olimpiakos"a "Qarabağ"la bir həftəyə 2 matçda maksimum xal götürmək lazımdı: "Baş məşqçi dəyişikliyi hər komandada baş verəndə istənilən halda, futbolçuların yeni çalşdırıcıya özlərini göstərmək istəyi böyük olur. Əlbəttə ki, "Olimpiakos"da nəticələr yaxşı deyil. Yeni baş məşqçi bütün bunları dəyişmək üçün dəridən-qabıqdan çıxır. Klubun dəstəyi burda önəmlidi ki, baş məşqçi yeni gəlib. Klub onunla birləşib, onun arxasında dayanıb bu nəticələri dəyişməyə əməlli-başlı can atacaq. Bu, işin bir tərəfidi. Digər tərəfdən, zədəlilərin çox olması əlbəttə ki, "Qarabağ"a yarayan bir işdi. Amma "Olimpiakos"un heyəti də genişdi. Digər futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. İstənilən halda, 2 oyundu, hələ Bakıda da görüşümüz var onlarla. Rəqibdə itkilər büdrəməsinə gətirib çıxara bilər. Çünki onlar aparıcı oyunçulardı və yoxluqları "Qarabağ"ın xeyrinə işləyə bilər. Bəli, əvəzləyənlər istəkli ola bilərlər. Lakin Avropa səhnəsində keyfiyyət daha çox rol oynayır". 

Qurban Qurbanovun komandası "Olimpiakos"dan 4 xal götürsə belə, onu tam zərərsizləşdirmiş, özü üçünsə ən pis halda Konfrans Liqasının pley-offuna vəsiqə verən 3-cü yeri qarantiyalamış olacaq. Qrupda 2-ci pillə uğrunda mübarizə apardığı "Nant"ı isə lider "Frayburq"la çətin matçlar gözləyir. Yəni, yunanlarla ardıcıl görüşlərdə uğurlu nəticə hazırda olduğumuz 2-ci pillədə sonadək olmaq baxımından yaxşı perspektiv vəd edir. Qurbanov son oyunlara, nəticələrə əsaslanaraq, "Qarabağ"ı bu duelin favoriti sayır: "Nant" üzərində parlaq qələbədən əvvəl "Frayburq"a məğlubiyyət olsa da, inamlı bir oyun var. Hal-hazırda "Qarabağ" öz yaxşı oyunuyla bizləri məcbur edir ki, ondan yaxşı nəticə gözləyək. Arzumuz, istəyimiz odur ki, bu qrupdan 2-ci olaraq çıxsın. Hal-hazırkı gedişat belə olacağını göstərir. Rəqibdə son oyunlarda uğursuz, "Qarabağ"da isə uğurlu seriya var. İnanmıram ki, "Olimpiakos"da yeni baş məşqçi hansısa istədiyi futbolu bu qısa müddətdə komandaya aşılaya bilsin. Sadəcə, həvəs, aqressiya arta bilər. Sabahkı matç çox vacib olacaq. "Qarabağ"dan ən pis 1 xal gözləyirik, çünki çox ağır səfər olacaq. Hazırkı vəziyyətdə bu rəqibi Bakıda, hətta Afinada da məğlub etmək olar. Sadəcə, minimum 1 xala qayıtmasını çox istəyərdik ki. "Olimpiakos" bu mübarizədən kənara çəkilsin".

Məlumdu ki, həmsöhbətimiz "Qəbələ"də ukraynalı baş məşqçi Roman Qriqorçukun köməkçisi olanda yunanlarla avrokuboklarda görüşüb. Bu, "Olimpiakos"un əzəli rəqibi, həmşəhərlisi olan "Panatinaikos"la Afinadakı görüş idi. Bundan əlavə, PAOK-la Saloniki duelinin həyəcanını da yaşayıb Qurbanov. Gənc mütəxəssis həmin ab-havanı belə təsvir edib: "Tam fərqli atmsofer yarada bilirlər stadionda. Həqiqətən çox qeyri-adi azarkeş ordusuna malikdi yunanlar. Bunu yaşamışam həmin Afinada. Burda futbolçuların pisxologiyası çox güclü olmalıdı. Hansı ki, "Qarabağ" bu yöndə hətta Avropa klublarından seçilir maşallah. Oyundan qopmamaq, təşvişə düşməmək çox vacibdi, bütün bunları yaşamışıq. O dönəmdə baş məşqçimiz də bu haqda danışırdı. Azarkeşlərin təzyiqi böyük olacaq, amma mənə elə gəlir ki, "Qarabağ" bu atmosferdən üzüağ çıxacaq. Çünki istənilən halda, ağdamlı futbolçular oyundan qopmurlar. Son matçlar da bunu göstərir. Belə düşünürəm ki, bu dönəmdə psixoloji təzyiqə çox da önəm vermədən daha çox oyunu fikirləşmək əsas olacaq - hər halda, bu, "Qarabağ"ın dəst-xəttidi. Belə yerdə Qriqorçukun yaxşı bir söz vardı ki, psixoemosional durumu kontrol eləmək lazımdı. Çünki istənilən halda, emosional olursan oyunda və bunu idarə eləməlisən. Əlbəttə, çılğın ola bilərsən və bu zaman vərəqəyə getməmək çox vacibdi. Psixologiya onsuz da hər şeyi həll edir".