Misli Premyer Liqasının XXIX turunda keçirilən "Qarabağ" – "Zirə" (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Rəşadı da təbrik etmək istəyirəm. Get-gedə daha mübariz komanda formalaşdırır. Çox ağıllı, düzgün müdafiə qurulub. Uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm.

 

– Kadinin gəlişindən sonra Benzianın mövqe dəyişməsi oyunçuya necə təsir edir?

– Benzianın həmin mövqedə olmasından çox razıyam. Sadəcə bu gün daha yorğun idi. İstədiklərimi meydanda yetirmə qabiliyyəti güclüdür.

 

– Kadinin zədəsi ciddidir?

– Ciddiyə oxşamadı.

 

– Ölkə kubokunun cavab oyununu əcnəbi hakimin idarə etməsini istəyərsiz?

Xeyr.

 

– İntizam Komitəsi planşeti qırmağınıza görə sizi cəzalandırmadı. Bu sizin nüfuzunuza görədir?

– Niyə etsin? Orada təkcə hakimə deyil oyunçuma da hirsləndim. Bu, sanki oyundan kənar epizod idi. Cəza olsaydı da problem yox idi. Bundan əvvəlki "qırmızı"lara etirazımı bildirmişdim. Hələ də sözümdə qalıram.

 

– AFFA İcraiyyə Komitəsinin üzvü kimi 1 ili başa vurduz. Bu müddət ərzində ölkə futboluna nə qazandırdız?

– 1 ilə nəsə etmək asan deyil. Sadəcə ümumi gedişat necə qurulur, gələcəyə necə baxılır mövzusunda işlər gedir. Bunlar da bir neçə il sonra bəhrəsini verəcək.

 

– Əsas rəqibinizi 15 xal qabaqlayırsız. Bu xal fərqi komandaya gələcək oyunlarda necə təsir edəcək?

– Ciddi rəqəmdir. Bəlkə də futbolçularda bir az arxayınlıq var. Amma çox üzərlərinə getmirəm. Çox gərgin sezon keçirtdik. Hətta bəzən görürəm ki, futboldan doyurlar. Onlar da insandırlar. Futbolçulardan bəzən çox şey tələb edəndə hirslənirlər. Bu normaldır. Özümüzdə də belə hallar baş verir. Məşqçi olaraq çalışıram ki, heyəti toparlayım. Amma bəzən mənim də hazırlıqsız vaxtlarım olur. Biri var çoxlu tələblə meydana çıxırlar, bir də var sərbəst. Düşünürəm ki, sərbəstliyin xeyiri olacaq.

 

– Sizə ÇL-in I yoxsa II təsnifat mərhələsindən başlamaq daha yaxşıdır?

– Bizə sərf edən minimum III olardı (gülür). Çünki ən azından bilərdik ki, AL-i təmin etmişik. Amma nə qədər gec başlasaq, o qədər yaxşı olardı. I mərhələdən olsa bizim üçün vaxt azlığı olacaq. Amma belədə II-dən başlamaq yaxşı olardı.

 

– Azarkeşlər sizdən hər iki kuboku qazanmağınızı tələb edir. Onlara söz veririsiz?

– Mən heç vaxt ikisini qazanmaq istəmədiyimi deməmişəm. Azarkeşlər məndən tələb etmirlər. Sadəcə qalib gəlmək istəyirlər. Mən də istəyirəm bunu. Kompromisə getmək lazım deyil.