Azərbaycan Kubokunun "Qarabağ" – "Sabah" finalından (2:3) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– "Sabah"ı təbrik edirəm. Neçə illər idi, yaxşı iş görürdülər və bunun bəhrəsini aldılar. Avropada onlara uğurlar arzu edirəm. Futbolçularım təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Hər bir oyunçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi.

 

– Benzia çox aqressiv idi. Sanki veriləcək cəzadan çəkinmirdi…

– Belə oyunlarda aqressiya olur. Benzianı başa düşürəm. İstər-istəməz məğlub olmaq istəmirdi. Bu il bizimçün gərgin il keçdi. Meydanda və meydandan kənarda çox danışıqlarımız oldu. Futbolda belə hallar olur.

 

– Köməkçiləriniz qırmızı aldı, ümumiyyətlə mübahisəli epizodlar oldu. Hakimliyi necə qiymətləndirirsiniz?

– Belə oyunlar hakimlər üçün asan deyil. Onu qeyd edə bilərəm ki, hakim oyunu ağıllı idarə etdi.

 

– Benzianın son oyunu olduğunu deyə bilərik?

– Hələ razılıq yoxdur. Cavab gözləyirik.

 

Nuh Tarverdiyev