Premyer Liqamızda üçüncü dövrə start götürdü. "Mütəxəssis rəyi"nin budəfəki qonağı olan AFFA-nın təlimatçısı, millimizin sabiq kapitanı Aslan Kərimovla söhbətimizdə vaxtilə çıxış etdiyi "Qarabağ"la "Neftçi"nin çox maraqlı alınan son görüşüylə yanaşı, turun digər matçlarına da toxunduq.
- Nəinki turun, mövsümün mərkəzi matçlarından olan "Qarabağ" - "Neftçi" derbisindən futbol baxımından böyük zövq aldıq. Bu görüşlə bağlı gözləntinizi ala bildiniz, yoxsa sizin üçün xoş sürprizlər oldu?
- Sözün düzü, xoş sürpriz deməyim, əslində, gözləyirdim. Çünki Samir Abasovun gəlişindən sonra "Neftçi"nin özünəməxsus oyun nümayiş etdirməsi, motivasiyanın olması vardı. Sözsüz ki, "Qarabağ"ın da qalib gələ biləcəyini gözləyə bilərdim. Amma matça azarkeş yox, daha çox mütəxəssis kimi baxmağa çalışırdım. Yəni, oyunda kimin qalib gələcəyini deyil, potensial baxımından fikirləşirdim. Sözsüz ki, "Qarabağ"ın potensialı daha yüksək idi. Amma qarşılaşmanın gedişatı onu göstərdi ki, "Neftçi" də artıq bu rəqibə yaxınlaşa bilir. "Qarabağ"ın məğlubiyyətini bəzi nüanslara bağlaya bilərəm. Əlbəttə, bunlar subyektiv fikirlərimdi.
- İstənilən halda, maraqlıdı...
- Fikrimcə, "Qarabağ"da cinah yarımmüdafiəçiləri - solda Abdullah Zubir, sağda isə Ovusu Kvabenayla Xayme Romero tipik öz yerlərində çox da oynamadılar. Onlar birəbir mübarizələrdə çox qala bilmədilər. "Neftçi" 5-li müdafiəsi ilə o cinahları yaxşı bağlaya bildi. Bu zaman təkbətək mübarizələrdə daha çox "Qarabağ"ın cinah müdafiəçiləri qalırdı. Ancaq onlar da texniki planda çox usta futbolçu deyillər. Bu baxımdan o keyfiyyət az göründü. Bundan əlavə, hamımız bilirik ki, "Qarabağ"ın oyun üslubu ispan futboluna daha çox uyğun gəlir. Komandada ispan futbolçuların, xüsusilə bu oyunu sərgiləyən mərkəz yarımmüdafiəçisi Filip Ozobiçin olmaması oyun üslubunu bir az "axsada" bilir. Əslində, oyun üslubundan qırağa çıxmamışdılar, amma onu keyfiyyətli yerinə yetirə bilmədilər. Bütün bunların fonunda "Neftçi"nin boşluqlardan, yaratdığı qol imkanlarından maksimum istifadə etməsi həlledici oldu. Əminəm ki, Samir də bilirdi ki, "Qarabağ"la matçda 5 əks-hücuma çıxası deyillər. Bu, çox az olacaq və ondan maksimum yararlanmaq lazım gələcək. Necə ki, "Neftçi" bunu edə bildi.
- Matçda rekord sayda - 4 qırmızı vərəqə oldu. Hakim olmasanız da, necə düşünürsünüz- digər referilərimiz də Elçin Məsiyev kimi belə cəsarətli olmalıdırlar?
- Bəli. Mənə elə gəlir ki, bu matçda verilən bütün hakim qərarları doğrudu. AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxliklə də bu haqda danışdıq. Epizodları incələyərkən, görürsən ki, bütün qərarlar qətiyyətli və düzgündü. Düşünürəm ki, bundan sonra da bütün hakimlər baş məşqçinin adından asılı olmayaraq, lazım olan yerdə lazımı düzgün qərarları vermək məcburiyyətindədirlər və verməlidirlər də.
- Uzun illər "Qarabağ"da Qurban Qurbanobun rəhbərliyi altında çıxış etmisiniz, kapitan olmusunuz. Onun nizam-intizama necə fikir verdiyini çox yaxşı bilirsiniz. Qurbanovun hazırkı komandasında kolumbiyalı legioneri Kevin Medina 2-ci dəfədi rəqibə kəllə atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulur, komandasını çətin vəziyyətdə qoyur, bu dəfə məğlubiyyətin əsas səbəbkarı oldu. Bu, nəyin nəticəsidi? Medina bu hərəkətləriylə "Qarabağ"dakı gələcək taleyini sual altına qoyurmu?
- Bu məsələyə başqa rakursdan baxardım. Komandanın nizam-intizamının bir baş məşqçi tək öhdəsindən gələsi deyil. Qurban Qurbanov birinci il deyil "Qarabağ"da işləyir. Bu komandada uzun illər heç vaxt bir futbolçu intizamsızlığa görə birbaşa qırmızı vərəqə almayıb, ilk dəfədi. Rəşad Sadıqovun dövründə bir kapitan olaraq futbolçularla bilavasitə kommunikasiya qurduğuna, komandanın içində motivasiya verən və futbolçuları bir yerə yığan olduğuna görə belə problem yaranmırdı. Baş məşqçi kimi çox da bu işin içinə girə bilmirsən, futbolçular çox da yaxın səni buraxmırlar. Düzdür, üz-üzə qarşılıqlı hörmət olsa da, oyunçu qrupunun içində olmaq tamam başqa şeydi. Bəli, indi Rəşadın yoxluğunda kapitanlığı Maksim Medvedev, zaman-zaman da Qara Qarayev yerinə yetirir. O uşaqlar hamısı əla, tərbiyəli futbolçulardı. Amma kapitanlıq baxımından bir az daha çox iş görmək məcburiyyətindədirlər. Sadıqovda isə bu şeylər daha bariz şəkildə görünürdü. Ümumilikdə, yekun vurası olsam, komandanın içində bu, nizam-intizama baxan bir liderin olmaması səbəbindən legionerlər indi bəzən görürsən ki, zaman-zaman o qırmızı xətti keçirlər.
- "Neftçi" liderliyi qaytarması çempionluq intriqasının qalması demək oldu. Hər halda, "Qarabağ" qalib gəlib xal fərqini 5-ə yüksəltsəydi, bu intriqa demək olar qalmayacaqdı, elə deyilmi?
- Əlbəttə, "Qarabağ" udsaydı, tam əminliklə demək olardı ki, bu mövsüm də çempionluğunu elan etmiş olardı. Nəzəri cəhətdən bu, olmasa da, faktiki ona çatmaq çox çətin olacaqdı. Amma hər şeyə rəğmən, hesab edirəm ki, hələ heç bir şey itməyib. "Neftçi" 1 xal öndə olsa da, ümumilikdə potensialı götürəndə - yalnız bundan danışıram - bu komandanın stabilliyi hələ ona gəlib çata bilməyib. Baxmayaraq ki, baş məşqçi dəyişikliyi olub, Abasov qısa zaman kəsiyində gəlib komandaya. O stabilliyi saxlamaqdan ötrü uzun bir müddət lazımdı ki, komanda buna qovuşa bilsin. "Qarabağ"ın özündə o stabillik çempion olduğu ildən yavaş-yavaş gəlib çıxıb. Hər halda, komanda birdən-birə çempion olmayıb. "Qarabağ"ın bu stabilliyi saxlayarkən digər rəqibləriylə matçlarda uğur qazanmaq ehtimalı daha çoxdu, nəinki "Neftçi"nin. Samir Abasovun komandası hardasa büdrəyə bilər. Amma Qurban Qurbanovun komandasının büdrəyəcəyi bir az çətin görünür. Buna görə çempionatın sonuna qədər bir çox oyunların keçiriləcəyi dövrdə Qarabağ" o stabilliyi qoruyub saxlaya biləcək, "Neftçi"nin isə bunu qoruya biləcəyi - bütün oyunlarda qələbə çalacağı, az xal itirəcəyi məndə bir az şübhə doğurur. Amma futboldu, sözsüz ki, hər şey ola bilər. Düşünürəm ki, yəqin "Qarabağ" çempionluğu yenə əldən verməyəcək.
- Digər 2 oyunda "Sumqayıt"la "Qəbələ" inamlı qələbələr qazandı. Ancaq ən gözlənilməz hadisələr "Zirə" - "Sabah" matçında oldu ki, son pillənin sahibi hesabda 2 dəfə irəlidə olaraq az qala qalib gələcəkdi, bunu uzatma dəqiqələrində əldən verdi. Burda hansı məqamlar diqqətinizi çəkdi?
- Zirədəki matçdan başqa olan oyunlarda hər şey bəlli oldu - inamlı qələbələr ortaya çıxdı. Zirədəki görüşə toxunaraq, onu deyərdim ki, "Sabah" yüksək bir strukturlu komandaya qarşı oynayırdı. "Zirə" o strukturuna görə həqiqətən ən yaxşı komandalardan biri sayıla bilər. Amma təəccübləndirən tərəf bu idi ki, "Sabah"dan 9-ci dəqiqədə qolu vurduqdan sonra gözlənilən oyunu görmədik. Halbuki, komandaların büdcələri bir-birindən əməlli-başlı fərqlənir. "Sabah"ın büdcəsi daha çoxdu, heyətindəki futbolçular daha keyfiyyətlidi, seçim də çoxdu. Bu cür futbolçularla 9-ci dəqiqədə hesabı açdıqdan sonra 5-li müdafiəylə tam olaraq arxada oturmaq, özü də ispan baş məşqçiylə - bu, mənə ən azından bir az təəccüblü oldu. Bütün oyunboyu da əks-hücuma çıxmadılar. Yalnız qol buraxdıqdan, 1:1-dən sonra bir dəfə əks-hücuma çıxdılar, o da yenidən rəqib qapısına yol tapmaqla nəticələndi. Ancaq bundan sonra yenə geri çəkilərək, 2-ci qolunu "yedilər". Bu cür komandaların belə oynaması mənim üçün bir az təəccüblü oldu - belə imkanlarla, belə potensialla arxada oturub hücuma çıxmamaq. Digər tərəfdən, "Zirə"nin keçidlərdə yaxşı oynaması, rəqibə topu itirdikdən sonra ümumiyyətlə, hücuma getməyə imkan verməməsi - bu amil də rol oynaya bilərdi. Ancaq istənilən halda, peşəkar, ən azından bu tipli oyunçulardısa, əks-hücuma getməmək - bu, bir az doğru yola oxşamırdı. Ki, bunun da acısını çəkdilər. Əslində, hesab edirəm ki, "Zirə" 2 xal itirmədi, ən azından 1 xal qazandı, çünki 2 dəfə "comeback" edə bildi. Amma "Sabah" bu potensialla isə 2 xal itirdi.
- Kubokdan kənarda qalan "Qəbələ" çempionatda xallarını artırır, ancaq yarımfinala çıxan "Keşlə" yenə çempionatda uduzaraq son pilləyə düşür. Buna necə izah verərdiniz?
- "Qəbələ"nin bəlli bir oyunu, futbolçu toplusu var və demək olar stabil çıxış edir. Bu, o demək deyil ki, Avroliqaya çıxacaq, ya yox. Bu oyun üslubuyla da istənilən rəqibə qol vura bilir - "Qarabağ"a da, "Neftçi"yə də. Üstəlik, komanda Qəbələdə daha yaxşı oyun nümayiş etdirir. "Keşlə" isə əhval-ruhiyyə komandası kimidi. Bəzən görürsən ki, yaxşı oyun nümayiş etdirir, heyətində yaxşı legionerlər də var. Amma bəzən də görürsən ki, ümumiyyətlə, o aqressivlik görünmür. Məhz "Qəbələ"ylə görüşdə bu aqressivliyi görə bilmədik. Adətən isə rəqiblərinə qarşı ilk dəqiqələrdən aqressivliyi göstərib oyunu öz tərəfinə çevriə bilirdi. Düzdür, bu matçda hakimliklə bağlı mübahisəli məqamlar var idi. Misal üçün ilk qol ofsayddan vuruldu. Ancaq bu, heç bir şeyi dəyişmir. O qoldan sonra meydan sahibləri oyun üslubunu dəyişmədi və əks-hücumda növbəti qolunu vura bildi.
- "Keşlə" və "Səbail" problemləriylə irəlidə gedən qatardan artıq xeyli geri qalırlar. Bura "Sabah"ı da daxil etmək olar. Yəni, bu trioyla ilk "4-lük" arasında xal fərqi getdikcə daha da artır...
- "Səbail"in məsələsi aydındı, çünki maddi baxımdan bir az sıxıntıları var. Bu, açıq-aşkar çıxışına təsirdə görünür. Peşəkar futboldan danışırıqsa, maddiyyat onun ayrılmaz bir hissəsidi. Maddiyyat olmadığı bir halda heç bir uğurdan, böyük nəticələrdən danışmaq düzgün deyil. Bəli, 2-3 matç sıxınıtılar ola bilər, bu halda futbolçular motivasiyalarına görə oynayırlar. Ancaq bu, uzun müddətli davam edirsə, istər-istəməz nəticələrə təsirini göstərir. "Səbail"in göstəriciləri şəxsən öz adıma deyə bilərəm ki, maddiyyatla bağlı ola bilər. "Keşlə"də isə qısa zaman kəsiyində tez-tez baş məşqçi dəyişikliyi olub. Nəticədə futbolçular bir az pərakəndə, komanda bir az dağınıq şəkildə olur. Bəzi oyunlara motivasiyalı çıxıb oynayırlar, bəzilərinə isə yox. Stabillik olmadığına görə bu gün nəticə var, sabah yox. Hansı baş məşqçi gələcək, bəlkə bunu da dəyişəcəklər - futbolçuların beynindən bu fikirlər də keçir. Bu beyinlə, bu zehinlə oyunlara hazırlaşırsansa...Ümumiyyətlə, hazırla bilməzsən belə şəkildə. Nə qədər desək ki, bu, bir komanda oyunudu, hər bir futbolçunun klubda ayrı-ayrılıqda müqaviləsi var. Və hər biri gələcəyini fikirləşir ki, bu klubda qalacağı halda vəziyyəti necə olacaq. Hər dəfə baş məşqçi dəyişdikcə, o oyunçunun orda qalmaq ehtimalı azalır. Yeni baş məşqçi, yeni üslub, yeni oyunçu - bu cür şeylər istər-istəməz komandaya təsir edir. Və göründüyü kimi, "Keşlə"yə belə amillər mənfi təsir göstərib.
MEHMAN SÜLEYMANOV