Premyer Liqanın VIII oyun həftəsində “Zirə” debütant “Araz-Naxçıvan”ın qonağı idi. Əslində, “qartallar”ı ev sahibi kimi təqdim etmək daha düzgün olardı. Komandaların təmsil etdiyi qəsəbə və şəhərin adından da görünür ki, məhz Azər Bağırovun komandası hazırda “köçkün həyatı” yaşayır. “Qartallar” isə Abşeron yarmadasının bir qəsəbəsindən digərinə səfər edib.
Oyunun ilk hissəsi o qədər də maraqlı alınmadı. Tribunalara toplaşan azarkeşlər daha çox meydanın mərkəzində gedən mübarizəyə şahidlik etdilər. Hər iki komandanın hücumları rəqibin cərimə meydançasının yaxınlığında başa çatdığından qapıçıların üzərinə elə də böyük iş düşmürdü. Məhz bu səbəbdən ilk 45 dəqiqədə nə meydan sahiblərinin, nə də qonaqların qapısı önündə real, yüz faizli qol epizodu yaşanmdı. Onu da qeyd etmək lazımdı ki, bu oyunda istər “Araz-Naxçıvan”ın, istərsə də “Zirə”nin hücum xətti çox “dişsiz” görünürdü. Arada yarımmüdafiəçilər və müdafiəçilər uzaqdan zərbə ilə “çərçivə”yə yol tapmaq istəyirdilər ki, bu da özünü doğrultmurdu. İki komandanın oyunçularını müqayisə etsək, fərdi ustalıq baxımından “qartallar” rəqibindən daha üstün durumda idi. Lakin, qəsəbə təmsilçisi bunu meydanda əks etdirə bilmirdi. Liderin 8 oyundan sonra rəqib qapılarından cəmi 7 top keçirməsi isə başqa söhbətin mövzusudu. Belə “qısır” hücumla çətin ki, “Zirə” zirvədə çox duruş gətirə bilsin. Düzdü, nominal meydan sahibləri də bazar günü əvvəlki turlarda olduğu kimi parlaq oyunla yadda qalmadı. Ancaq Sadıqovdan fərqli, 90 dəqiqənin tamamında yetirmələri Azər Bağırovun üzünü güldürməyi bacardı. Nunu Rodriqeş komandasına qələbə gətirən qolun müəllifi oldu. Onun 78-ci dəqiqədə vurdğu qol oyunun yekun nəticəsini müəyyənləşdirdi.
“Zirə” “Araz-Naxçıvan”a məğlub olmaqla artıq turnir cədvəlində də təkhakimiyyətliyini əldən vermiş oldu. “Qarabağ”la eyni xala malik qəsəbə təmsilçisi “Səbail”in də nəfəsini kürəyində hiss etməkdədi. Yuxarıda qeyd etdiyimiz kimi, Sadıqov qısa vaxtda hücum xəttindəki çatışmazlığı aradan qaldırmasa, hücumçular qol vurmağın yolunu tapmasa, “Zirə” nəinki zirvədən, hətta belə “dişsiz” oyunla ilk “üçlük”dən də kənarda qalacaq.
“Araz-Naxçıvan”la matçda Rəşad Sadıqovun hakimləri təzyiq altında saxladığı kimi, komandası da rəqibin üstünə bir o qədər getsəydi, bu gün debütantın yox, “qartallar”ın qələbəsindən danışır və ya yazırdıq.
Hər halda, Sadıqov texniki zonada daha fəal və hərəkətli idi, nəinki futbolçuları meydanda. Nəzərə alsaq ki, “Zirə” mövsüm başlayandan ifrat müdafiə taktikası tətbiq edir, “qartal”ın “qanadının birdəfəlik sınacağı gün”ün o qədər uzaqda olmadığını proqnozlaşdıra bilərik.
RƏŞAD QASIMOV