Ötən gecə Azərbaycan futbolu rəsmi olaraq 2022-2023 mövsümü ilə vidalaşdı. Elə "Neftçi" də rəsmən mövsümü titulla bitirmək arzusu ilə vidalaşdı. Kubokun finalında tribunalardakı ab-hava göz oxşadı. "Ağ-qara" azarkeşlərin çılğınlığı, yaxşı mənada cığallığı, "qızıl dubl"dan başqa heç bir nəticəylə barışmaması fonunda Kubokun doğma meydanda "Qəbələ"yə təqdim olunmasını izləmələri əlbəttə ki, onlar üçün olduqca üzücü idi. Ancaq Sport24.az bu finalın nəticəsinə fərqli rakursdan baxmağı təklif edir.

Qış fasiləsinədək məzmunsuz futbol sərgiləyən komandanın baş məşqçisi Laurentsiu Regekampf mövsümün ikinci hissəsi üçün elə mesajlar verirdi ki, adam deyirdi yəqin "Neftçi"nin yerinə yadplanetlilər çıxış edəcək. Türkiyədəki təlim-məşq toplanışında izlədiyimiz məzmunsuz oyunlardan görünürdü ki, "Neftçi", yumşaq desək, pis oynayır. Rumın isə "biz "Sabah"la oyuna hazırlaşırıq. Həmin qarşılaşmada əsl "Neftçi"ni görəcəksiniz", - deyirdi. Regenin nağıl danışdığını dəfələrlə iddia etdik, zamanı çatanda isə qış fasiləsindən sonra baş tutan iık oyunda "Sabah"ın necə rahat qalib gəlməsinin şahidi olduq. Ardıcıl keyfiyyətsiz oyunlardan sonra baş məşqçi bütün diqqətlərini Kuboka yönəltdiklərini və nə olursa olsun finalda qalib gələcəklərini iddia etdi. Ancaq artıq yarımfinalda görünürdü ki, "Neftçi" "protezini itirmiş təqaüdçü"nü xatırladır. Bəli, ölüm-zülüm "Turan" səddi keçildi. Lakin Tovuz təmsilçisi 1 ilin komandası idisə, "Qəbələ"nin çiyinlərində illərin təcrübəsi var. Əlbəttə, "qırmızı-qaralar" büdcə sarıdan meydan sahiblərindən aşkar geri qalırdı. Ancaq Elmar Baxşıyev vaxtilə "Xəzər Universiteti"nin kapitanı olaraq həlledici anlarda kapitanın nə etməli olduğunu yaxşı bildiyindən, bu dəfə fərqli - "gəmi kapitanı" olaraq aysberqlərdən, "dəniz quldurları"ndan yayınmaq yoluna bələd olması ilə seçildi.

Klub prezidenti Fariz Nəcəfov bir dəfə də olsun baş məşqçisinə güvənmədiyini hiss etdirməyib. Nəcəfov özü də sabiq idmançıdı. Vətən bayrağını tək qalib gəldiyi dünya çempionatlarında deyil, Qarabağ savaşında da ucalara qaldırmağı bacarıb. Bu gün isə Fariz bəyin əlində "Qəbələ" bayrağı var və o, bütün varlığı ilə "qırmızı-qara"ya xidmət edir...

Dolayısı ilə, "Qəbələ" layihə olaraq daha təcrübəli və daha etibarlı komanda olmaqla, Kuboku haqq edirdi. Bəs "Neftçi"? Mövsüm başlayandan bəri aydın idi ki, "ağ-qaralar"ın transfer işləri uğurlu deyil. Niyə? Çünki baş məşqçinin kimliyinə aydınlıq gətirməkdə gecikən klub oyunçu almaqda tələskənliyə yol verməyə məhkumdu. Beləcə, çatırıq əsas mətləbə. "Neftçi" Kuboku udsaydı, bu, kluba daha çox zərər verərdi, nəinki xeyir. Bəli, azarkeşlər üçün həmin gecə bayram olardı, futbolçular, məşqçilər, idarəedicilər mükafat alardı, amma bununla oyun keyfiyyəti artmış olardımı? Bununla "Neftçi"nin problemləri nəinki bitər, heç zərrə qədər azalardımı? Əlbəttə ki, yox! Bu, sadəcə, gözdən pərdə asmaq effekti verərdi ki, buna da effekt yox, deffekt demək daha düzgün olar. Bax, belə "Pirr qələbəsi"ndənsə məğlub olub bütün qüsurları çılpaqlığı ilə üzə çıxmasını izləmək daha faydalıdı. 

Qarşıdan isə Konfrans Liqası gəlir. Bir "Aris"i keçməklə yox, saçına-saqqalına uyğun futbol sərgiləmək və ən azı (!!!) 2 mərhələ keçmək komandanın qarşısındakı minimal hədəf olmalıdı. Rege ilə bu iş alınmayacaq. Elə hazırki idarəetmə modeli ilə də düz gələn deyil. Büdcə bir nəfərə etibar edilməli, qərarı da o şəxs verməlidi. Zəncirvari 6-7 mərtəbə keçən üsulla məktub ünvanlayıb cavab gözləməklə isə yenə də fiasko yaşanacaq. Bəri başdan deyirik ki, sonra gec olmasın. Qısası, Kubokun kölgəsi ilə müdafiə olunmaqdansa, problemlərin üzərinə şığımaq lazımdı. Bax, onda əsl "Neftçi" əzəməti görmək mümkün olacaq.

 

 

Sport24.az-ın Monitorinq mərkəzi