"Qarabağ" "Molde"nin təmsil etdiyi Norveçin klublarıyla avrokuboklarda 3-cü dəfə rəqib olub. Sport24.az xəbər verir ki, "süvarilər"in vikinqlərlə matçlarında bir məqam xüsusi diqqət çəkir.

Belə ki, baş tutan 3 oyunda cəmi 1 qol vurulub. Ona da müdafiəçi Rəşad Sadıqov uzaq məsafədən cərimə zərbəsiylə nail olub. Bu qol "Qarabağ"ın norveçlilərlə ilk duelinin müqəddəratını həll edib. Belə ki, 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə “Rusenborq”la qolsuz heç-heçə edən ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionuda rəqibini minimal hesabla üstələyərək mübarizədən kənarlaşdırdı. Bununla da Qurban Qurbanovun komandasının uğurlu Avropa yolçuluğunun təməli qoyuldu.  

"Qarabağ" Norveç təmsilçisi ilə qitəmiqyaslı turnirdə yenidən qarşılaşmaq üçün 11 il gözləməli oldi. Və maraqlıdı ki, rəqib məhz "Molde" oldu. Bu, 2020-ci il ildə idi və koronavirus pandemiyası dövründə avrokuboklarda qalib bir duellə müəyyənləşirdi. Püşkə görə ağdamlılar meydan sahibi oldu. Amma "Molde" karantin məsələlərinə görə Bakıya gəlməkdən imtina edərək, UEFA-ya neytral meydanla bağlı müraciət ünvanladı. Sonda UEFA-nın qərarına əsasən görüş Kiprin Larnaka şəhərində təşkil olundu. Qurban Qurbanovun komandası Çempionlar Liqasının III təsnifat mərhələsində 0:0 hesabı ilə bitən dueldə penaltilər seriyasında yenildi - 5:6. Həmin matçın 120 dəqiqə davam etdiyini nəzərə alsaq, keçirilən 300 dəqiqəyə cəmi 1 qol qeydə alınıb.

Onu da bildirək ki, Azərbaycan və Norveç Avropada daha bir dəfə "İnter" (hazırkı "Şamaxı") - "Tromse" dueli səviyyəsində rəqib olub. Bu, 2013/14 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsinə təsadüf edib. Onda səfərdəki ilk matçda uduzan (0:2) "bankirlər" Bayıldakı cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, ümumi nəticəyə görə mübarizəni dayandırdı. 

 

 

MEHMAN SÜLEYMANOV