"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsində ilk səfər matçını - İsveçdə "Hekken"lə görüşü buraxacaq. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sport24.az-a verdiyi məlumata görə, "Sabah"la Premyer Liqa matçında zədələnərək əvəzlənən millimizin üzvü hələ də məşqlərdən kənar qalıb: "Bəhlul müalicəsini davam etdirir. Onun 2 həftə sonra məşqlərə başlayacağı gözlənilir. Son vaxtlar zədəli olan digər mərkəz müdafiəçimiz Rahil Məmmədov isə artıq məşq edir".
Klub rəsmisinin sözlərinə görə, Avroliqanı da nəzərə alsaq, son 2 matçda heyətdən kənarda qalan albaniyalı hücumçu Redon Cicanın Höteborqdakı matçda iştirakı hələ ki sual altındadı: "Hazırda Cica bərpa məşqlərini davam etdirir. İndividual şəkildə məşq edir. Onun gələn həftə komandaya qoşulacağı gözlənilir. Redonun "Hekken"lə matçadək hazır olub-olmamasını gedişat göstərəcək. Futbolçu hansı sürətlə komandayla tam gücüylə məşq etmək səviyyəsinə gəlib çatacaq - bunu qarşıdakı günlərdə görəcəyik. Dediyim kimi, futbolçu fərdi hazırlaşır və məşqçilərin nəzarəti altında həminki oyun səviyyəsini toparlamağa çalışır".
Xatırladaq ki, "Hekken" - "Qarabağ" matçı oktyabrın 5-də keçiriləcək.
MEHMAN SÜLEYMANOV