"Qarabağ" Avropa Liqasında ilk səfər matçına yollanmaq üçün oktyabrın 3-də Azərbaycanı tərk edəcək. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi sabah saat 18:00-da çarter reysilə səfərə çıxacaq. 

"Süvarilər" rəqibinin təmsil etdiyi Höteborq şəhərinə yollanmaq üçün 5-6 saatlıq yol qət edəcək. Qurban Qurbanovun komandası son məşqini İsveçdə edəcək və bu, oktyabrın 4-də oyunöncəsi axşam saatlarında olacaq. 

Onu da bildirək ki, "Qarabağ" UEFA-ya göndərdiyi iştirak ərizəsindəki bütün futbolçularını səfərə aparacaq. Yəni, İsveçdə zədə üzündən oynamayacaq müdafiəçilər Bəhlul Mustafazadəylə Marko Veşoviç və hücumçu Redon Cica da komandanın düşərgəsində olacaq. Hətta qrup mərhələsi üçün sifariş olunmayan yarımmüdafiəçi Adama Diakabinin də səfərə aparılması nəzərdə tutulub. 

Xatırladaq ki, "Hekken" - "Qarabağ" matçı oktyabrın 5-də Bakı vaxtilə saat 23:00-da keçiriləcək.