Azərbaycan çempionu "Qarabağ" ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında (ÇL) mübarizəyə II təsnifat mərhələsindən başlamağa çox yaxındır. Spor24.az xəbər verir ki, hazırkı turnirin qalibi öz ölkə çempionatı vasitəsi ilə ÇL-də iştirakı təmin etsə, Ağdam təmsilçisi II təsnifatdan yarışa qoşulacaq.
Qitənin bir nömrəli klub turnirinin yarımfinalında İtaliyanın "İnter" klubu İspaniya təmsilçisi "Barselona" ilə, Fransa təmsilçisi PSJ isə İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gəlir.
Bu klublardan üçü ("İnter", "Barselona" və PSJ) artıq Çempionlar Liqasına vəsiqə qazanıb. "Arsenal"ın isə Premyer Liqada ilk "dördlük"də yer alacağı hələlik rəsmiləşməyib. Sona üç tur qalmış "topçular" beşinci pillədəki "Çelsi"ni dörd xal qabaqlayaraq 67 xalla ikinci sıradadır.
"Arsenal" ÇL-in qalibi olsa, lakin Premyer Liqada ilk "4-lük"dən aşağı düşsə, Azərbaycan çempionu I təsnifat mərhələsindən başlamalı olacaq. Bunun isə baş vermə ehtimalı çox azdır.
İyunun 18-də II təsnifat mərhələsinin püşkü atılacaq. "Qarabağ" səpələnmişlər səbətində yer alacaq. Bu raundun görüşləri 22-23 iyul və 29-30 iyulda baş tutacaq.
Qeyd edək ki, ötən mövsümə II təsnifat mərhələsindən başlayan "köhlən atlar" pley-offadək yüksəlmişdi. Ağdamlılar həmin vaxt Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına uduzaraq yola Avropa Liqasının əsas mərhələsində davam edib və burada 36-cı yeri tutub.