Avropada futbol klublarının yeni reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, siyahını "Eurotopteam" portalı tərtib edib.

395 klubun olduğu cədvələ Azərbaycanın dörd təmsilçisi düşə bilib.

Bir pillə irəliləyən "Qarabağ" 254 xalla 60-cı sıradadır. Beş mövqe geriləyən "Zirə" 26 xalla 223-cü, 14 sıra itirən "Sabah" 10 xalla 298-cidir.

"Neftçi" də reytinqdə geriləyib. 7 xalı olan "ağ-qaralar" 306-cı pillədən 318-ə düşüb.

Qeyd edək ki, siyahıya İspaniya təmsilçisi "Real" (2161 xal) başçılıq edir.