Misli Premyer Liqasında növbəti yubiley - 250-ci qol vurulub. Sport24.az xəbər verir ki, buna "Qarabağ"ın kapitanı Qara Qarayev XX turda "Şamaxıya "Azərsun Arena"da 3:1 hesabıyla qalib gəldikləri matçın 47-ci dəqiqəsində imza atıb.

Bununla da 31 yaşlı Qarayev Premyer Liqamızda 4-cü dəfə fərqlənib. Təcrübəli yarımmüdafiəçi indiyədək yalnız "Qarabağ"da çıxış etdiyindən bütün qollarını onun heyətində vurub.

Onu da bildirək ki, XX turda keçirilən 100 oyunda qapılarda 257 top keçirilib. Cari çempionatda ilk qolun müəllifi açılış matçında "Zirə"nin legioneri Mohamed Hamdaui olub.  Niderlandlı yarımmüdafiəçi "Kəpəz"lə "Dalğa Arena"dakı görüşün 32-ci dəqiqəsində hesabı açıb.