Millimiz 10-cu dəfə üz-üzə gəldiyi Maltayla görüşdən 4-cü dəfə boynubükük ayrıldı. Bəli, futbolçularımız daha effektli görünürdü. Bəli, rəqib qapısı qarşısında adalılardan daha çox qol epizodu yaxaladılar. Bəli, futbolçularımız estetik cəhətdən daha baxımlı oyun sərgilədi. Bəli, komandamız maltalı həmkarlarından daha istəkli idilər. Ancaq məşhur tamaşada deyildiyi kimi, "hə, dooolsun". Tarixdə axı, nəticə qalır və bu nəticə 0:2 kimi millimizin çoxcildli "qara kitab"ının növbəti səhifəsinə düşdü.

Komandamızın məğlubiyyətinin obyektiv səbəbləri də oldu. Xəyal Əliyevin artıq 7-ci dəqiqədə kuryoz zədələnməsi özünü göstərdi. Oyun planında dəyişiklik əlbəttə, arzuolunmaz oldu. Buna baxmayaraq, millimiz fasiləyədək elə tək Mahir Emreliylə 3 dəfə qol epizodu yaxaladı. Xüsusilə, 26-cı dəqiqədə təqribən 10 metrlikdən çərçivəyə düşmədiyi epizod çox acı idi. Niyə yararlana bilmədi? Oyun praktikasının azlığı daha bir obyektiv səbəbdi.

Növbəti səbəb isə Emilio de Leonun oyuna Ayxan Abbasovdan fərqli yanaşması idi. Əgər Maltanın baş məşqçisi 2-ci hissənin əvvəlindən çoxsaylı dəyişikliklərə start verdisə, onun azərbaycanlı vizavisi meydana çıxan oyunçularının daha çox yüklənməsini istəyirdi. Meydana yeni daxil olan maltalılar nisbətən ağırlaşan futbolçularımızı sürətdə üstələməyə başladı ki, 65-ci dəqiqədə bunun acısını yaşadıq. Bu da növbəti obyektiv səbəb.

İndi də keçək subyektiv səbəblərə. Buraxılan qoldan sonra döyüşə atılan Abdulla Xaybullayevin əzmkar oyunu mərkəzi ələ keçirməyimizi şərtləndirdi. Oyuna nəzarət tamamən millimizin tərəfinə keçdi və yaradılan qol epizodları bir əlin barmaqlarından çox oldu. Ancaq sən qol vura bilmirsənsə, deməli, ustalıq səviyyən aşağıdı. Dolayısı ilə istəyirsən meydanda otu dişlərinlə qopar, qol vurulmadısa, indikindən 2 dəfə artıq məşq etməlisən, vəssəlam!

"Vurmayana vurarlar" yazılmayan qaydanı isə heç kim ləğv etməyib. Hücuma aludə olan futbolçularımız sürətli əks-hücumda yaxalandılar: Xaybullayev vaxtında mövqeyini bağlamadı və Satariano bu imkandan məharətlə istifadə etdi. Bu qol Krivotsuyukun kəskin etirazına səbəb oldu və nəticədə Xaybullayevlə onun arasında insident yaşandı. Şübhəsiz ki, hadisəyə şahidlik edənlərin hər biri bu münaqişəni pislədi, ancaq futbol kişi oyunudu və bu cür emosionallıq uşaqların məğlubiyyətlə barışmaq istəməməklərinin nümunəsidi.

…oyundan əvvəl yağış proqnozu verilsə də, Sombathedə açıq hava var idi. Ancaq final fitindən sonra məskunlaşdığımız Bük kəndinə "suyumuz süzülə-süzülə" qayıtdıq.

Ceyhun Əliyev, Bük

P.S. Jurnalistlərin səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə həyata keçirilir.