Azərbaycan Premyer Liqasının (APL) 2021/22 mövsümünün ilk yarısında yalnız 5 futbolçu bütün oyunları əvəzolunmadan keçirib. Sport24.az xəbər verir ki,14 turda 1260 dəqiqə meydanda top qovan oyunçular 4 klubu təmsil edir.
Yalnız “Qəbələ”də iki əvəzolunmaz var. Bunlar qapıçı Nicat Mehbalıyevlə şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimidi.
Daha bir əvəzolunmaz qapıçı "Zirə"li Mehdi Cənnətovdu. Müdafiəçi Camaladdin Xocaniyazov (“Sumqayıt”) və Elvin Camalov (“Sabah”) da əvəzolunmazlar siyahısında yer alıb.
"Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşko da buna real namizəd olsa da, XIV turda zədə səbəbindən əvəzləndiyi üçün seriyası qırılıb. “Qarabağ”, “Neftçi” və “Səbail”də də belə futbolçu yoxdu.
Onu da bildirək ki, 26 yaşlı Camalov bu "TOP-5"də fərqlənir. Məsələ bundadı ki, Elvin cari mövsümün ilk yarısında Kubok matçında da əvəzolunmadan çıxış edib və hesabında ümumilikdə 1350 dəqiqə var. Alimi bu turnirin 1/8 final matçında sonradan meydana çıxıbsa, Mehbalıyev ehtiyatda qalıb. Xocaniyazovla Cənnətovun isə Kubokda meydana çıxmaq imkanları olmayıb. Çünki onların klubları bu mərhələdən azad olaraq mübarizəyə birbaşa 1/4 finaldan başlayacaqlar.