Portuqaliyanın "A Jogo" nəşrində Ağdamın "Qarabağ" klubuna həsr olunan geniş yazı hazırlanıb. Sport24.az xəbər verir ki, yazı Azərbaycan çempionunun "Braqa" (Portuqaliya) ilə Avropa Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək cavab matçı yayınlanıb. Məqalə qəzetin manşet kimi oxuculara təqdim olunub.
Yazının müəllifi olan Pedro Kadima əvvəlcə "Qarabağ"ın Avropadakı uğurlu çıxışlarının tarixçəsinə toxunur.
Qeyd edilir ki, onqat Azərbaycan çempionu olan "Qarabağ"ın tarixi on altı mövsümdür komandanı çalışdıran Qurban Qurbanovun xəyal komandası ilə doludur. Müəllif klubun ölkənin qida şirkəti "Azərsun"un sponsorluğu və Gözəl ailəsi tərəfindən dəstəkləndiyini qeyd edir. Hazırda kluba Abdolbari Gözəlin oğlu Tahir Gözəlin prezidentlik etdiyi xatırladılır.
Kadima "Qarabağ"ın uğurlu oyunu ilə Azərbaycanın qürur mənbəyi olduğunu vurğulayıb və klubun keçmişini xatırladıb: "Nəhayət, Azərbaycanın paytaxtı Bakıda, Ağdamdan təxminən 400 km məsafədə məskunlaşana qədər ünvandan-ünvana köçən bir klub olub"
Ağdamı cəngavərlərin doğulduğu şəhər adlandıran müəllif şəhərin 30 il işğala məruz qaldığını qeyd edir, Azərbaycanın 2020-ci ildəki son hərbi manevrlərinin qələbə və əzmkarlıqla başa çatdığını vurğulayır:
"Qarabağ" məstedici parlaq oyun və cəsarətli tiki-taka nümayiş etdirərək bütün Avropaya kartlarını yaydı. Lakin hər zaman bunu öz doğma vətənindən, stadionundan uzaqda etdi. Onlar ölkə daxilində fanatlar qazandı, Azərbaycan futbolunun reallıqlarından uzaq olan ağlasığmaz nəticələr əldə etdi. O cümlədən 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində yarışdı".
Müəllif qeyd edir ki, 1992-ci ildən başlayaraq "Qarabağ"ın köçəri həyat tərzinə başlayıb, komanda müxtəlif şəhərlərdə oynayıb, nəhayət, 2001-ci ildə Bakıya köçüb: "Klubun tarixi işğalla məhv edildi, Ağdam təslim oldu, xarabalığa çevrildi, Qafqazın Xirosiması adlandırıldı.
Azərbaycan komandası bu sentimental yükü daşıyır. Onlar qafqazlı kimliyindən uzaqda qazandığı şöhrətə görə tərəfdarlarına borcludur. Lakin bu adı ("Qarabağ"ı - red.) dünyaya yaymaq üçün mübarizə aparır".
Yazıda artıq Ağdamda yenidənqurma işlərinin başlandığı, orada yeni stadionun tikiləcəyi, komandanın bir gün öz evinə dönəcəyinə qeyd edilir: "Onu bərpa etməyə uzun illər tələb olunsa da, bu, təsəlliverici əminlikdir".
Portuqaliyalı jurnalist qeyd edir ki, hazırda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri sırasında yer alan Müşfiq Hüseynov 1980-ci illərin ortalarından komandadadı. "O, 1988/89 mövsümündən əsas komandada futbolçu kimi çıxış etməyə başlayıb"
Hüseynov müsahibədə "Qarabağ"ın müharibə illərindəki çıxışlarına toxunub. "Biz yaxşı mübarizə aparan iddialı komanda idik. Oyunçuların böyük əksəriyyəti Qarabağ bölgəsindən idi. Futbolçuların 12-13-ü Ağdamdan olan yerlilər idi. Bizi birləşdirən çox vacib bir şey vardı. Hərbi münaqişə vaxtı biz futbol barədə düşünmək istəmirdik. Hamımız orduya yazılmaq, düşmənlə vuruşmaq və ərazimizi qorumaq istəyirdik".
O, daha sonra bildirir: "Bizə dedilər ki, oynamaq lazımdır, "Qarabağ" komandası yaşamalıdır. Biz çox çətin şəraitdə oynayır və məşq edirdik. Stadionun ətrafına bombaların necə düşdüyünü ancaq bunu yaşayanlar bilə bilər. Biz bunu gördük. Çətin idi, amma azarkeşlərimiz daima bizim yanımızda idi. Biz bütün bölgəni təmsil edirdik, azarkeşlərimizin sevgisini duyurduq. Onlar bombalar partlayanda da bizi tək qoymadılar. Hər oyunda 500 və ya 1000 azarkeşimiz olurdu. Bu, təmnnasız sevgi idi. Sonra başqa bir şəhərə, Əli-Bayramlıya getdik, orada bir neçə ay qaldıq. Daha sonra 5 il Sumqayıtda oynadıq. 2001-ci ildə Bakıya köçdük. Çətin illər idi. Yalnız 2001-ci ildə "Azərsun" şirkətinin sponsorluğu ilə "Qarabağ" Azərbaycan futbolunda hökmranlıq etməyə başladı, özünün möhtəşəm inkişaf mərhələsinə qədər qoydu".