"Turan Tovuz" mövsümün sonunda aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə üzləşə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Tovuz təmsilçisinin müdafiəçisi Hayderson Hurtado bir neçə klubun maraq dairəsinə düşüb və artıq təkliflər də alıb.
Lakin qərblilər kolumbiyalı futbolçu ilə vidalaşmaq niyyətində deyil. Baş məşqçi Kurban Berdıyev 30 yaşlı oyunçunu növbəti mövsümdə də heyətində görmək istəyir. Buna baxmayaraq Hurtado üçün daha sərfəli təklif daxil olarsa, rəhbərlik onun transferinə razılıq verə bilər.
Hurtado cari mövsüm Misli Premyer Liqasında 27 oyunda 2394 dəqiqə meydanda olub və 3 qol vurub. O, Azərbaycan Kubokunda keçirdiyi 3 matçda isə 2 dəfə fərqlənib.
Qeyd edək ki, futbolçunun "Turan Tovuz"la daha bir illik müqaviləsi var.