"Oyundan əvvəl bilirdik ki, onsuz da qələbə qazanacağıq. Çünki bu matça o motivasiya ilə çıxmışdıq. Qrupda liderik, bu, bizi sevindirir. Bunu sonadək qoruyub saxladığımız üçün çox xoşbəxtik". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan qadınlardan ibarət futbol yığmasının üzü Ayşən Əhmədova deyib.

 

O, son illərdə millidəki çıxışlarının çox yaxşı olduğunu vurğulayıb: "Bizim yığma komanda yeni-yeni nəticələr qazanmağa başlayır. Bunun əsas səbəblərindən biri çoxumuzun legioner həyatı yaşamasıdı. Ordakı məşqlər, oyunlar bizi milliyə daha yaxşı hazırlayır. Yekunda bura gəlib yaxşı nəticələr qazanırıq. Bəli, bundan sonra bizi daha çətin turnirlərdə sınaqlar gözləyir. Futbolda hər şey ola bilər. Məncə, millini qaldıracaq səviyyəyə artıq gəlmişik. Daha güclü turnirlərdə də yaxşı nəticələr göstərməyə, bunun üçün əlimizdən gələni etməyə çalışacağıq. Çünki dediyim kimi, hamımız yetərincə güclü klublarda oynayır, böyük təcrübə qazanırıq. Bunun nəticəsidi ki, gəlib millidə yaxşı çıxış edirik". 

 

Ayşən ölkədən kənarda çıxış etməyin çətinliyinə də toxunub: "İlk növbədə ailədən uzaqsan. Ən böyük problem budu. Lakin vaxt keçdikcə buna alışırsan. Ən sevindirici hal budu ki, güclü liqada, güclü klubda çıxış edirəm - Yunanıstanda PAOK-da. Yunanların Azərbaycan futbolu haqda çox xəbəri də yox idi. Məni gördülər, sonra bizim milli haqda məlumat əldə etdilər və onlarda həqiqətən Azərbaycana, azərbaycanlı futbolçulara qarşı maraq yarandı. Hal-hazırda məndən soruşurlar ki, sizdə yaxşı hücumçu, yaxud qapıçı varmı. Bu, bizim üçün sevindirici haldı. Yəni, ölkəmizi Yunanıstanda, Rusiyada, Türkiyədə və s. yerlərlə tanıdırıq".

 

23 yaşlı mərkəz müdafiəçisi gələcək karyerası haqda da söz açıb: "Hal-hazırda gəncəm, müdafiəçi olduğum üçün təcrübə toplamalıyam. Yetərincə təcrübə əldə etdikdən sonra məqsədim Avropanın yaxşı klublarda oynamaqdı".

 

 

MEHMAN SÜLEYMANOV