"Millimiz Latviyaya qarşı zəif çıxış etdi. Epizodlarımız oldu, dəyərləndirə bilmədik. Əvvəlki illərə baxanda irəliləyiş hiss olunur. Topa nəzarət edirlər, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirlər". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Oqtay Abdullayev deyib.

 

Abdullayev millimizin Macarıstanla oyundan qələbə gözlədiyini bildirib:

 

"Futbolun gözəlliyi qoldadır. Qol olmayandan sonra faydası olmur. Əvvəllər yığmada legionerlər çoxluq təşkil edirdi. İndi isə öz futbolçularımızdır. Yeni rəhbərlik gələndən sonra müsbət mənada irəliləyiş var. Gərək futbolçunun özündə də bacarıq olsun. Millinin formasını geyinən Azərbaycanın bayrağını təmsil etdiyini bilməlidir. Oyunçularda milli ruh olmalıdır. Macarıstanla oyunda topa nəzarəti, təhlükəli epizodları artırsalar, qalib gəlmək olar. Əgər bunu da zəif oynasalar, sözüm olmayacaq. Düzdür, çempionat yeni bitib, futbolçularda yorğunluq hiss olunur". 

 

Qeyd edək ki, sabah "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da start götürəcək.