"Ümumən oyun haqda danışsaq, matça çox yaxşı köklənmişdik. Ard-arda üç qələbəmiz vardı və istəyirdik ki, 4-cünü də qazanaraq bu uğurlu seriyamızı davam etdirək. İlk dəqiqələrdən də bunun üçün can atdıq. Məncə, çox yaxşı konsentrasiya olmuşduq ki, bunu ilk 30 dəqiqədə göstərdik. Həm də bu, bizim üçün derbi idi, Regional derbi sayılır". Bu fikirləri Bolqarıstanın "Arda" klubunda çıxış edən millimizin futbolçusu Cəlal Hüseynov deyib.

Bolqarıstan çempionatında XI tur Cəlal üçün çox uğurlu alındı. Belə ki, onun komandası səfərdə “Krumovqrad”la qarşılaşaraq inamlı qələbəyə (3:1), Hüseynov özü isə 4-cü dəqiqədə hesabı açaraq bu ölkənin liqasında ilk qoluna sevinib. 20 yaşlı mərkəz müdafiəçisinin fikrincə, derbi olduğundan qarşılaşmaya daha çox motivasiyaları olub: "Bu da bəhrəsini verdi, oyuna yaxşı başlayaraq ilk 30 dəqiqədə vurduğumuz 3 qolla matçın taleyini həll etdik. Qoluma gəlincə, həqiqətən də hiss eləmişdim vuracam. Buna görə qol axtarışında idim, bütün diqqətim topun hərəkətində idi. Və düşünmüşdüm ki, əsgər salamıyla onu həlak olan bütün şəhidlərimizə həsr edim. Bunu öncədən fikirləşmişdim".

Cəlalın sözlərinə görə, komanda yoldaşları qolu niyə belə qeyd etməsiylə maraqlanıblar: "Oyundan hardasa 2-3 öncə məşqə gedirdik və orda avtobusun radiosunda Ermənistanla sərhədimizlə son yaşanalarla bağlı məlumat gedirdi. Bu, bolqar xəbərlərində idi. Orda bütün komanda yoldaşlarım soruşdu ki, nə olub. Mən də onlara vəziyyəti başa saldım. Hətta məşqçilər korpsusumuzdan soruşdular ki, nə baş verib orda. Mən də onlara hər şeyi izah eləmişdim. Buna görə deyim ki, vurduğum qoldan sonra onlar da mənim adıma çox sevindilər. Hətta matçdan sonra bərpa məşqində ölkəm üçün bu hərəkəti etməyimi xüsusi qeyd etdilər".

Gənc futbolçu "Arda"da ilk rəsmi qoluna görə Vətənindən çox təbrik aldığını vurğulayıb: "Ümumən desək, bütün azərbaycanlılar, kimləri kim tanıyıram, kimlərlə ki bir yerdə futbol oynamışam. hamısı sağ olsunlar, yazdılar. Həmçinin məşqçilər də. Ad çəkmək istəmirəm. amma həqiqətən çox insan yazdı, çox təbrik mesajı var idi. Onlara da sizin vasitənizlə bir daha təşəkkürümü çatdırıram".

Cəlal yeni klubunda ilk qolundan sonra əsas heyətdə möhkəmlənmək perspektivinə də toxunub: "Görürsünüz ki, bunadək çox az oynayırdım. Milli fasilədən qabaq 90 dəqiqə oynamışdım, indi də belə oldu. Bu, futboldu, bilmək olmaz yenə nə olacaq...Çalışacam ki, ən yaxşısını edim oynadığımız matçlarda. Həm özüm, inkişam, həm də komandam üçün ən yaxşısını edim ki, əsas heyətdə oynayım, artırım. Həm məşqlərdə, həm də mənə verilən şanslarda maksimum gücümlə oynayacam ki, inşallah, daha çox əsas heyətdə yer alaraq orda möhkəmlənim".

Xatırladaq ki, Hüseynov "Arda" bu yay "Zirə"dən keçərək, 3 illik müqavilə imzalayıb.

 

 

MEHMAN SÜLEYMANOV