CEYHUN ƏLİYEV
Dünən növbəti təqvim günü idi. Nəzərə alsaq ki, ölkədə nə Premyer Liqa, nə də Kubok qarşılaşması var idi futbolda da əmin-amanlığın hökm sürməsini iddia etmək olardı. Lakin "Neftçi"nin bəyanatı futbol camiəsini nəzərəçarpacaq dərəcədə çalxaladı. AFFA-nın inzibati binasında ali futbol qurumunun rəsmiləri ilə "ağ-qaralar"ın nümayəndə heyəti arasında keçirilən görüşdən sonra klubun yaydığı bəyanat acı reallığı ortaya qoydu.
Bəyanatdakı bəzi hissələrə diqqət yetirək.
1. "Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib". Diqqət! Yalnız qismən. Deməli, cavabların müəyyən hissəsi qaneedici olmayıb. Nəzərə alsaq ki, bu görüşdə hücum edən (narazı) tərəf "Neftçi" olub, heç şübhəsiz ki, klubu qane etməyən qovluq bir tək "Zirə"yə qarşı oyunda ofsayd epuzodu ilə bağlı olmayıb. Özü də klubun hər bir şikayətini beynəlxalq qaydaları müəyyən edən sənədlərlə möhkəmləndirdiyini də proqnozlaşdırmaq olar. Üstəlik, müasir texnologiya zamanında Xaqani Məmmədovun istədiyi vaxt "əl topu tapdı", sərf edəndə isə "top əli tapdı" nağılları da artıq keçərli deyil.
2. "Bir çox hakimlərin "Neftçi"yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyi buldirilib". Diqqət! Bu, artıq olduqca ciddi ittihamdı. "Ədalətsiz" ifadəsi altında "səhv qərar" gizlənə bilər, amma "qərəzli"… bax, burada artıq "sular bulanır". Hakimlərin ünvanına işlədilən bu ifadə olduqca böyük məsuliyyət tələb edir. Bunu azarkeş demir, ölkənin ən qocaman klubu bəyan edir. Ehtimal edirik ki, bu ifadə boş-boşuna deyilməyib və arxasında sübut dayanıb. Ölkəmizdə bir sıra furbolçu totalizatorda "stavka" etdiyi üçün futboldan qovulub. Hələlik hakimlikdə analoji "diaqnoz"la qovulan olmayıb. Ancaq VAR hakimi Nicat İsmayıllının baş hakim İnqilab Məmmədovu epizodun təkrarına baxmağa dəvət etməməsi çox ciddi şübhələrə əsas verir.
3. "Neftçi"yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim-köklü futbol klubu olan "Neftçi" olaraq sona qədər mübarizə aparacağıq". Bunun bir adı var - açıq müharibə! Pafossuz-filansız, açıq müharibə! "Ağ-qaralar" kluba qarşı kampaniya aparıldığını iddia edir. Görünən budu ki, əllərində fakt olmadan bu cür iddianı irəli sürməzdilər. Əslində, məlum ofsayd epizoduna reaksiya verməyən hakimləri qərəzli olmaqda günahlandırmaq şər-böhtan sayılmamalıdı. Ancaq söhbət kluba qarşı "kampaniya aparılır" iddiasından gedirsə, bu, bir-iki nəfər deyil, əməlli-başlı mütəşəkkil qrupun fəaliyyət göstərməsi iddiasıdı.
Bütün deyilənləri nəzərə alaraq, aşağıdakı fikri ortaya qoymalıyıq. Mövsümün həlledici oyunlarına əcnəbi hakimlər dəvət olunmalıdı! Bəli, kimlərsə "Tofiq Bəhramov, Eldar Əzimzadə" şüarları ilə ortaya atıla bilərlər. Ancaq həmin yoldaşlara məhz müasir hakimlərimizin bərbad idarəçiliyi nəticəsində buna zəmin yaranmasını xatırlatmaq istəyirəm. Çünki Nicat İsmayıllının hərəkətinə heç bir bəraət donu geyindirmək mümkün deyil. Ancaq iş əcnəbi referiləri dəvət etməklə bitməməlidi. "Neftçi"nin "kluba qarşı kampaniya aparılır" iddiası ciddi araşdırılmalı və futbol ictimaiyyətinə müfəssəl məlumat verilməlidi!
P.S. Bu, hələ üzdə olan Premyer Liqamızdakı vəziyyətdi. Görün, 1-ci Liqa araşdırılsa nələr üzə çıxar?!